İspaniya La Liqası hər zaman önəmli ulduz futbolçuların yer aldığı çempionat olub.
Xüsusən də, “Real” və “Barselona” amilinə görə böyük futbolçular bu liqaya hər zaman can atıblar.
Üstəlik, onların bir çoxu karyerasının böyük hissəsini İspaniya çempionatında keçirib. Bu yazıda isə XXI əsrdə La Liqada ən çox qol vuran futbolçuların adları qeyd olunub. “Real”ın formasını geyinən Kərim Bezema son turlardakı qolları sayəsində artıq 3-cü pilləyə yüksəlməyi bacarıb. Ancaq ilk iki yerin sahiblərinə uzun illər kiminsə çatması inandırıcı görünmür.
Ümumilikdə 8 futbolçu XXI əsrdə La Liqada 150-dən çox qol vurub. Onlardan 4-ü hazırda da karyerasını məhz bu çempionatda davam etdirir.
1. Lionel Messi - 467 qol
2004-cü ildən “Barselona” formasını geyinən argentinalı bir çox rekordların sahibidir. Bu müddətdə La Liqada 512 matça çıxan Messi 467 qol, 206 assistlə yadda qalıb. Kataloniyalılarla müqavilə müddəti mövsümün sonuna qədər olan Leo qalacağı təqdirdə, öz rekordlarını yeniləməkdə davam edəcək.
2. Kriştianu Ronaldo - 311 qol
2009-cu ildə “Real”a keçən Ronaldo 9 il bu formanı geyinib və saysız-hesabsız uğurlar qazanıb. Portuqaliyalı 311 qol və 96 məhsuldar ötürməni 292 oyuna sığdırıb. Ümumilikdə komandasına 407 qolla töhfə verən superulduz “Real” tarixinin simvollarından sayılır.
3. Kərim Benzema – 187 qol
2009-cu ildən “Real”ın şərəfini qoruyan Benzema siyahıda 3-cü pilləyə yeni yüksəlib. Daxili birincilikdə 374 görüşdə iştirak edən fransalı 187 qol vurub, 101 assist edib.
4. David Vilya - 185 qol
“Barselona” və “Atletiko” kimi klublarda oynamış Vilya əsasən “Valensiya”dakı performansı ilə parlayıb. “Saraqosa”nı da siyahıya qatsaq, ispaniyalı sabiq forvard ümumilikdə 353 qarşılaşmada 185 dəfə fərqlənib.
5. Luis Suares - 163 qol
2014-cü ildə “Barselona”ya transfer olunaraq İspaniya karyerasına başlayan Uruqvay millisinin üzvü cari mövsümün əvvəlindən “Atletiko”nun uğurları üçün çalışır. Baxımlı oyununu madridlilərdə də davam etdirən Suaresin bu mövsüm aktivində 19 qol var. O, ümumilikdə 217 matçda 163 qol vurub, 80 assist edib.
6. Aritz Aduriz - 158 qol
Karyerasını ötən mövsüm başa vuran Aduriz La Liqada ümumilikdə 443 görüşdə çıxış edib. “Atletik”dəki oyunu ilə məşhurlaşan sabiq forvard 158 qolla tarixə düşüb.
7. Samuel Eto - 156 qol
XX əsrdə də La Liqada top qovan Eto “Real”, “Malyorka” və “Barselona” formasını geyinib. Xüsusən də, “Barselona”dakı oyunu ilə dünyanın ən yaxşı hücumçularından birinə çevrilən əfsanəvi kamerunlu 264 görüşdə 156 qola imza atıb.
8. Antuan Qrizmann - 151 qol
Fransalı forvard artıq 10 ildir La Liqada çıxış edir. Hazırda “Barselona”nın formasını geyinən Qrizmann ümumilikdə 383 görüşə çıxıb, 151 qol vurub, 60 məhsuldar ötürmə verib.