Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Fevralın 20-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1.683.298 manat dəyərində) Azərbaycanın dövlət sərhəddində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə ittiham edilmiş Azərbaycan vətəndaşı Səmədzadə Tural Akif oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.
O, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə ittiham olunur.
Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub: "Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir".
Qeyd edilib ki, Səmədzadə Tural Akif oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
BƏƏ-də saxlanılan şəxsin 4 milyon manatdan çox qızıl qaçaqmalçılığında təqsirləndirilən dəstənin daha bir üzvü olduğu məlum olub
Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilən şəxsin 4 milyon manatdan artıq dəyərdə qızıl qaçaqmalçılığında təqsirləndirilən dəstənin daha bir üzvü olduğu məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq olunan cinayət işi üzrə Səmədzadə Tural Akif oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib. O, 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilərək həbs edilib.
“Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında” 20 noyabr 2006-cı il tarixli Müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Səmədzadə Tural Akif oğlunun ekstradisiyası haqqında ölkəmizin vəsatəti Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təmin edilib.
Təqsirləndirilən şəxs bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ölkəmizə gətirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.
.
