Türkiyənin kürd partiyası HDP-nin lideri Səlahəddin Dəmirtaş Vaşinqtona AKP iqtidarını Suriya kürdlərinin İŞİD tərəfindən qətlə yetirilməsinə göz yummaqda ittiham edib.
Virtualaz.org saytının xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, S.Dəmirtaş Vaşinqtonda keçirilən kürd konfransında iştirakı zamanı bildirib ki, İŞİD Suriyanın şimalındakı sonuncu kürd yaşayış məntəqəsi Kobanini ələ keçirmək üzrədir. Onun sözlərinə görə, İŞİD qüvvələri Kobaniyə 1 kilometrə qədər yaxınlaşıb və əgər kömək gəlməsə, qəsəbə tezliklə ələ keçiriləcək.
S.Dəmirtaş İŞİD-in Kobanidə minlərlə kürdü qətlə yetirməyə hazırıaşdığını deyib: "Az əvvəl Kobani ilə telefon əlaqəsi saxladım, İŞİD qəsəbənin məhəllələrindən birinə girmək üzrədir. Bu məhəllə Türkiyə sərhədindən cəmi 500 metr uzaqlıqdadır. İŞİD bir neçə saat sonra Kobaniyə girəcək və minlərlə kürdü qətlə yetirəcək”.
S.Dəmirtaşın dediyinə görə, Türkiyə hökuməti kürdlərin Kobaniyə köməyə getməsinə icazə vermir və ağır silahların keçməsi üçün dəhliz yaratmır.
"Mən vəziyyəti türk xalqının anlaya biləcəyi misalla izah etmək istəyirəm. Bu gün eyni İŞİD təhlükəsi Azərbaycanda olsaydı və İŞİD bir Azərbaycan qəsəbəsini mühasirəyə alsaydı, az sonra oradakı azəri türkləri qətlə yetirmək üzrə olsaydı, siz də dəstək olmaq üçün sərhədə getmək istəsəydiniz və sərhəddə türk polisi sizi dəyənəklə, gözyaşardıcı qazla əngəlləsəydi, nə hiss edərdiniz?” - deyə Dəmirtaş sual edib.
.