"Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti Prezident Zelenski tərəfindən verilən çox aydın və prinsipial göstərişlər əsasında danışıqlar aparır".
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Ukrainian witness"ə müsahibəsində deyib.
Nazir bildirib ki, nümüyəndə heyəti iki əsas müddəaya fokuslanıb.
"Bunlardan birincisi Ukraynanın ərazi bütövlüyüdür və biz bu məsələdə heç bir güzəştə getməyəcəyik, bura Krım və Donbas da aiddir. İkinci məsələ isə Ukrayna üçün təhlükəsizlik zəmanətidir. Bizim komandamız bu iki məsələyə fokuslanıb. Əlbəttə, Rusiyanın da öz tələbləri var və biz onlara tələblərinin niyə reallaşma bilməməsini izah edirik. Danışıqlarla bağlı narahatlığa əsas yoxdur. Bu nəticəsi gec əldə olunan bir prosesdir", - o vurğulayıb.
Müharibə son qoyulana və Rusiyanın öz hərbi qüvvələrini Ukrayna torpaqlarından çıxarana qədər sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayan XİN rəhbəri deyib: "Yalnız bəziləri deyil, bütün Rusiya bankları SWIFT-dən xaric edilməli, Avropa İttifaqı Rusiya neft və qazına qadağa tətbiq etməlidir. Həmçinin bir sıra maliyyə sanksiyaları var. Rusiyanın maliyyə institutlarına girişi məhdudlaşdırılmalıdır. Oliqarxlarla yanaşı Prezident Putinin ətrafındakı bütün siyasi fiqurlara sanksiyalara tətbiq olunmalıdır. Həmçinin bütün Qərb şirkətləri Rusiyadan öz kapitalını çıxarmalıdır".
Ukrayna XİN rəhbəri: "Lazım gəldiyi qədər savaşacağıq"
"Bu müharibənin nə zaman bitəcəyi ilə bağlı suala indi heç kim cavab verə bilməz".
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Ukrainian witness"ə müsahibəsində deyib.
"Ukraynalılar üçün bu müharibədə qələbə qazanmaq öz kimliyimizi və ölkəmizi xilas etmək deməkdir. Heç kim şübhə etməsin, Ukrayna qalib gələcək. Kədərlənmək, illüziyaya qapılmaq olmaz, lazım gəldiyi qədər savaşacağıq, çünki bizim ölkəmiz, gələcəyimiz, kimliyimiz təhlükə altındadır", - nazir bildirib.
Jurnalistin "Ukrayna NATO-dan vaz keçirmi?" sualına cavab verən Dmitri Kuleba deyib ki, onun ölkəsi heç bir şeydən vaz keçmir: "Sadəcə Ukraynanın hazırda təhlükəsizliyinin təminatı üçün həll yolları axtarılır. Ukraynanın təhlükəsizliyini ordumuz təmin edir, lakin biz müharibədən sonrakı ssenarilərə də baxmalıyıq. Ancaq NATO-ya vahid perspektivdən də baxa bilmərik ki, o bizim bütün problemlərimizi həll edəcək. NATO-dan imtina etmək demək də mübaliğə olardı".
.
