Ukrayna Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunun heç bir alternativini qəbul etməyəcək.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinqdə deyib.

“Bir daha bəyan etmək istəyirəm ki, biz, Ukrayna, nə qədər vədedici olsa da, namizəd statusunun heç bir surroqat variantını və ya alternativini qəbul etməyəcəyik. Bizə Aİ üzvlüyünə namizəd statusu lazımdır - namizəd olmaq üçün namizəd, potensial namizəd və ya digər surroqat variant lazım deyil. Biz bu oyunu çoxdan oynayırıq və onun necə işlədiyini bilirik. Biz Aİ üzvlüyünə namizədin adi standart statusu ilə kifayətlənəcək sadə, təvazökar insanlarıq, bizim xüsusi bir şey uydurmağa ehtiyacımız yoxdur”, - Kuleba bildirib.

O, Ukraynanın namizəd statusu qazandığına və onun irəli sürülməsi meyarlarına cavab verdiyinə əmin olduğunu qeyd edib.

“Bu, təkcə hökumətin deyil, vətəndaş cəmiyyətinin də mövqeyidir”, - ukraynalı nazir vurğulayıb.

O deyib ki, 200-dən çox vətəndaş cəmiyyəti nümayəndəsi və qeyri-hökumət təşkilatı iyunun sonunda Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi üçün xarici hökumətlərə açıq müraciət imzalayıblar.

XİN rəhbərinin sözlərinə görə, Avropa İttifaqında Ukraynaya namizəd statusunun verilməsinə şübhə ilə yanaşanlar var: “Bəzi alternativlərlə bizi aldatmağa çalışanlar var. Bu kontekstdə həmin skeptik ölkələrdən heç bir rasional arqument görmədik. Namizəd statusu Aİ skeptikləri arasında bizim aradan qaldırmalı olduğumuz sonuncu psixoloji maneədir”.

.