Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumda baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda baş verən qanunsuzluqlarla bağlı şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd edilən institutda bəzi işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı, mükafat və ezamiyyə xərclərinin ödənilməsi yolu ilə büdcə vəsaitlərinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
.