
Aprelin 27-29-da Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin konsert proqramında çıxış edəcək sonuncu əcnəbi müğənninin adına aydınlıq gəlib. Bakı Şəhər Halqasından (BŞH) verilən məlumata görə, yarışın ikinci günündə amerikalı ulduz Kristina Aqilera konsert verəcək.
Bəstəkar və aktrisa kimi də tanınan müğənni aprelin 28-də Bakı Kristal Zalında səhnəyə çıxacaq.
Onun 7 albomu bütün dünyada ümumilikdə 43 milyon dəfədən çox satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən Aqilera indiyədək 6 "Grammy” mükafatına layiq görülüb və onun 4 mahnısı "Billboard”ın ən çox dinlənən 100 ifası cədvəlində ilk sırada yer alıb. Bundan başqa, Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox əfsanəvi incəsənət adamları ilə də sıx əməkdaşlıq edib.