ABŞ-ın Rusiyaya qarşı yeni mümkün sanksiyaları Moskvanın narahatlığına səbəb olur.

SİTA agentliyi xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremldə keçirdiyi brifinqdə deyib.

O həmçinin qeyd edib ki, Moskva bu məsələdə qarşılıqlılıq prinsipini rəhbər tutacaq.

"Rusiyanın ünvanına daxil edilən müxtəlif restriksiyalara, əlbəttə, uyğun cavab veriləcək”, - Kremlin nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi dekabrın 21-də Rusiyanın baş prokuroru Yuri Çaykanın oğlu Artyom Çaykaya qarşı "Qlobal Maqnitski qanunu” üzrə sanksiyalar tətbiq edib. Siyahıya həmçinin bütün dünya üzrə 13 nəfər və onlarla bağlı 39 fiziki şəxs, eləcə də şirkətlər daxil edilib.

Rusiyanın maliyyə naziri Anton Siluanov daha əvvəl deyib ki, Rusiyanı yeni maliyyə sanksiyaları hədələyir. Yeni sanksiyalar, ehtimal ki, dövlət istiqrazlarının buraxılışına toxunacaq.

Bu gün isə "Kommersant” nəşrinin yazdığına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası "pis oğlanlar”ın siyahısı adlandırılan "Kreml məruzəsi” üzərində işləyir. Sənədlə Rusiya vətəndaşlarının yer aldığı "qara siyahı” genişləndiriləcək. Siyahıya yüksək vəzifəli Rusiya məmurları və hakimiyyətə yaxın biznesmenlər daxil ediləcək. Sənədin 2018-ci il yanvarın sonuna kimi Konqresə təqdim edilməsi nəzərdə tutulur.

Atlantik Şurasının eksperti, Dövlət Departamentinin sanksiya siyasəti üzrə keçmiş koordinatoru Daniel Frid nəşrə deyib ki, məruzə üzərində Maliyyə Nazirliyi, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi bir sıra başqa idarələr işləyir.

.