Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığını istisna etməyib.

 Peskov bugünkü brifinqdə belə bir ehtiyac yaranacağı təqdirdə, Putin-Tramp telefon danışığının çox tez təşkil olunacağını bildirib.

"Amerikalılarla dialoq üçün mövcud kanallar bunu kifayət qədər qısa müddət ərzində etməyə imkan verir. Lakin hələlik Moskva ilə Vaşinqton arasında belə bir razılaşma yoxdur və Ağ Evdən danışıq tələbi olmayıb”, - Kremlin sözçüsü vurğulayıb.

O, Ukraynada 30 günlük atəşkəs təklifi ilə bağlı suala isə belə cavab verib: “Rusiya təklif olunan atəşkəs məsələsində irəli qaçmaq istəmir. Əvvəlcə ABŞ-dən məlumat almaq lazımdır. ABŞ-Ukrayna danışıqlarının nəticələri ilə bağlı bəyanatları diqqətlə öyrənirik".

Peskov nadir torpaq metallarının hasilatı sahəsində Rusiya və ABŞ arasında mümkün əməkdaşlıq məsələsi də münasibət bildirib. O, bu barədə hələ ki heç bir danışığın aparılmadığını əlavə edib.

.