Kreml Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri öncəsi Krımın ilhaqına dair bəyanatından təəssüflənib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Sözsüz ki, bu bəyanatın ünvanı kimi biz özümüzü hesab edir, bunu belə qəbul edirik. Əlbəttə ki, bu bəyanatın indi, Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfərinin hazırlandığı vaxt səslənməsindən təəssüflənirik. Bununla belə, ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi və ölkələrimiz arasında gündəlikdə duran çox qaynar regional problemlərin həllində qarşılıqlı əlaqələr mövzusuna diqqət yetirməyi üstün tuturuq. O ki qaldı Türkiyənin bu mövqeyinə, biz bunu yaxşı bilirik. Bu mövqe ilə qətiyyən razı deyilik. Türkiyə tərəfi ilə işləməyi davam etdirəcəyik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ərdoğan BMT Baş Assambleyasının 76-ci sessiyasında çıxışı zamanı Krımın ilhaq olunduğunu bildirib.

.