Kreditlərin ölkə üzrə orta faizi ilin əvvəli ilə müqayisədə 0,18 faiz bəndi artaraq 14,13 faizdən 14,31 faizə yüksəlib.
Bunu "Media forum” saytına iqtisadçı-ekspert Samir Əliyev dyib.
Samir Əliyev bildirib ki, faiz artımı fiziki şəxslərə verilən kreditlərin hesabına olub: "Fiziki şəxslərin aldığı kreditlərin orta faiz dərəcəsi 17,75 faizdən 18,29 faizə qalxıb. Hüquqi şəxslərin kredit faizləri isə 11,52 faizdən 10,96 faizə düşüb. Artım xarici valyuta ilə verilən kreditlərdə də müşahidə edilib”.
Ekspert artıma bir neçə əsas gətirib: "Əvvəla, ölkə üzrə kredit qoyuluşunun artım tempində azalma var. 2014-cü ilin 8 ayında kredit qoyuluşu 12,2 faiz artıb. 2013-cü ildə bu göstərici 18,1 faiz, 2012-ci ildə isə 12,3 faiz olmuşdu. Ümumən son üç ildə aşağı artım tempi müşahidə edilir.
İkinci səbəb regionlarda kreditlərin bahalaşmasıdır. Banklar regionlara maksimum ehtiyatlı yanaşma tətbiq edir. Bunun nəticəsidir ki, paytaxtda kredit faizləri azaldığı halda regionlarda artır, bu isə ümumi kredit faizlərinə təsir göstərir.
Üçüncü səbəb Mərkəzi Bankın sərt tədbirləri nəticəsində bankların maliyyə vəziyyətinin pisləşməsidir. Artıq zərərlə işləyən bankların sayı artıb. Hər beş bankdan biri zərərlə işləyir. İstehlak kreditləşməsi bazarında şərtlər ağırlaşdırılıb. Digər tərəfdən problemli kreditlərin artması bankları daha ehtiyatlı davranmağa sövq edir.
Yəni reallıq odur ki, bank faizlərinin azalması istiqamətində atılan addımlar hələ ki, bəhrəsini vermir. Bu il də ciddi azalma gözlənmir. Gələn il zəif banklar bazarı tərk etdikdən sonra bəzi bankların müştəri kontingenti artması hesabına faizlərdə azalma ola bilər. Amma ciddi azalmadan söhbət gedə bilməz. Xüsusilə də dünya bazarında neftin ucuzlaşması kredit faizlərini yüksək səviyyədə saxlayacaq”.
.