Avropa İttifaqı (Aİ) ABŞ-dən fərqli olaraq, Kiyevdən göstərilən yardıma təzminat olaraq təbii sərvət verməsini tələb etmir.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Antonio Koşta bildirib.

"Avropa İttifaqı son üç ildə Ukraynaya dəstək verən əsas donor olub. Biz bunu Ukrayna, ukraynalılar və Avropanın təhlükəsizliyi üçün edirik. Bunun üçün Ukraynadan heç bir təbii sərvət tələb etmirik", - o, "İctimai. Xəbərlər" YouTube kanalında dərc olunan müsahibəsində deyib.

"Mən Ukrayna-ABŞ məsələlərini əlaqələndirmək istəmirəm. Ukrayna suveren ölkədir və onun beynəlxalq məsələləri müstəqil şəkildə həll etmək hüququ var", - Koşta Vaşinqton və Kiyev arasında faydalı qazıntılarla bağlı mümkün sazişi şərh edib.

Qeyd edək ki, bundan əvvəl Aİ-nin Ukraynaya nadir torpaq metallarının istifadəsi ilə bağlı öz sazişini təklif etdiyi bildirilmişdi.

.