İranın Koronavirusla Mübarizə Milli Komitəsi virusun “Delta” ştammının yayılması təhlükəsi ilə əlaqədar qırmızı və narıncı zona hesab olunan şəhərlərdə məhdudiyyətlər tətbiq edib.

Məhdudiyyətlər 275 şəhərdə tətbiq edilməyə başlanıb. Bu şəhərlərdə parklar, restoranlar, şirniyyat evləri, gözəllik salonları, ticarət mərkəzləri, kitab mağazaları qapadılıb.

Koronavirus pandemiyası ilə əlaqədar məşğulluq sahələri 4 qrupa bölünüb. 1-ci qrup istisna olmaqla bütün qruplarda işlər qadağan edilib. 1-ci qrupa sənaye, mədən, kənd təsərrüfatı, kommunal xidmətlər, sərnişindaşıma, ərzaq məhsulları satış obyektləri və digər strateji əhəmiyyətli hesab olunan sahələr daxildir.

Bu gündən Tehran şəhəri də koronavirusun yayılması baxımından qırmızı zona hesab olunduğu üçün bir sıra istirahət mərkəzləri bağlanıb. Koronavirusa yoluxma üzrə İranda 92 rayon qırmızı və 183 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa, 173 rayon sarı zona hesab olunur.

.