
Şimali Koreya diktatoru Kim Çen In ilk dəfə Əmək Partiyasının yubileyinə qatılmayıb. Bu hadisə isə onun devrildiyi, yaxud artıq öldürüldüyü haqda yayılan şayiələri gücləndirib.
İtaliyanın "La Repubblica” qəzeti Şimali Koreyada hərbi çevrilişin baş verdiyi və Kim Çen Inın hakimiyyətdən uzaqlaşdırıldığı haqda ehtimalların artmaqda olduğunu bildirir.
Qəzetin yazdığına görə, diktatorun yoxa çıxması Vaşinqtondan tutmuş Pekinə, Moskvadan tutmuş Tokioya qədər nəhəng dövlətlər arasında həyəcana səbəb olub.
Cənubi Koreya xüsusi xidmət orqanlarının Kim Çen Inın xəstəliyinə görə görünmədiyi barədə irəli sürdüyü versiya getdikcə öz əhəmiyyətini itirir. Şimali Koreyanın müdafiə naziri bildirib ki, Kim Çen In Pxenyanın hüdudları xaricindədir. Başqa sözlə, "ali marşal” hakimiyyəti əldə saxlamaq üçün strateji mərkəz olan, nüvə silahının və uran anbarının yerləşdiyi paytaxtda yoxdur.
Şimali Koreya əks-kəşfiyyatının mühacirətdəki keçmiş rəhbəri ehtimal edir ki, diktator hərbçilər tərəfindən devrilib. Onun ehtimalına görə, hakimiyyət hazırda ordunun baş siyasi idarəsinin rəisi Xvan Ben Sonun və Kim Çen Inın bacısı, 26 yaşlı Kim E Çjonun əlindədir. Xvan Ben Son həm də Əmək Partiyasının inkişaf və təşkilat idarəsinin rəisidir.
Pxenyandan heç bir məlumatın olmaması bu narahatlıqları artırır ki, hazırda orada dramatik hadisələr, Kim Çen Inın adamlarına divan tutulması baş verməkdədir. Bu da Şimali Koreyada xaos təhlükəsini artırır.
Pekindəki mənbələr də Pxenyanda çevriliş baş verdiyini, ordunun "ali rəhbərə” dəstək vermədiyini bildirirlər. İndi Kim Çen Inın hakimiyyətdən uzaqlaşdırılmasının hansı adla təqdim olunacağını gözləmək lazımdır.
İstisna deyil ki, gənc diktatorun "vaxtsız ölümü” elan ediləcək.
.