1 ay bundan əvvəl ölkə qəzetlərində və xəbər saytlarında Latviyadakı Azərbaycan konsulu Nicat Sadıqovun qəribə davranışları haqqında gen-bol araşdırma yazıları getdi. Həmin yazılarda cənab Sadıqovun bir özəlliyi də vurğulanırdı ki, o, şəxsi avtomobilinə diplomatik nömrə taxıb konsul vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verir. Sonra xəbər yayıldı ki, Nica Sadıqov Azərbaycan XİN tərəfindən Bakıya, yəqin ki, profilaktik söhbət üçün dəvət edilib. Hərçənd, profilaktika müddəti bitmişdi və bəlkə elə, buna görə də onun Milli Təhlükəsizlik Nazirliyinə də çağırıldığı barədə xəbərlər yer aldı.
Bugünlərdə əldə etdiyimiz xəbərdə isə Nicat Sadıqovun qismən «islah olunduğu» təsdiq olunur. Belə ki, indi onun 80 min dollarlıq bahalı şəxsi avtomobilini diplomatik nömrə nişanı bəzəmir. Nicat Sadıqov avtomobilinə adi nömrə taxıb. Konsulun qəribə davranışlarına görə tətbiq eilən rəsmi tədbir, hələlik, bununla məhdudlaşır.
Xatırladaq ki, Nicat Sadıqov orta çəkili oliqarxlardan biri hesab edilən və uzun müddət Ağdam rayonunun icra hakimiyyəti başçısı işləyən Nizami Sadıqovun oğludur. Konsulla bağlı xəbərlər yayılandan sonra ölkə mətbuatında Nizami Sadıqovun Bakıdakı «İzmir» restoranını 8 milyon manata satmaq istəməsi ilə bağlı xəbərlər yayılmışdı. Restoranın satılıb-satılmadığı haqqında əlavə məlumat yoxdur.
.