Azərbaycan və Ermənistan arasında münaqişə 30 ildən artıq bir müddətdə davam edib. 30 ildən çox davam edən münaqişə zamanı Azərbaycanın böyük bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən gün Avropa Parlamentinin müdafiə komitəsində bildirib.
“Azərbaycanlılar 100 minlərlə köçkünü, qəbiristanlıqların təhqir olunmasını, kəndlərin, şəhərlərin dağıdılmasını göstərə bilər. Bu gün vəziyyət radikal dərəcədə fərqlidir. 2020-ci ildə müharibədən sonra atəşkəs imzalandı və Azərbaycanın itirdiyi torpaqlar qayıtdı. Azərbaycan indi bu şəhərlərdəki infrastrukturu bərpa etməyə çalışır. Baxmayaraq ki, ölkə bu gün təmizlənməmiş minalar və partlamamış sursatlar kimi vacib bir problemlə üzləşir”, - Klaar qeyd edib.
O vurğulayıb ki, Aİ Azərbaycanın minalardan təmizləmə səylərinin ən böyük dəstəkçisidir.
Klaar ötən ay iki ölkənin sərhədində baş vermiş toqquşmalara da toxunub: “Sentyabr ayında toqquşmalarda çox sayda insan tələfatı oldu. Yəni hələ görüləcək çox işlər var. Aİ və xüsusən də Prezident Şarl Mişel Azərbaycan və Ermənistan arasında dayanıqlı və ədalətli sülh üçün səylərə rəhbərlik edir. İndiyədək Brüsseldə 4 dəfə ikitərəfli görüş keçirilib. Mən özüm Hikmət Hacıyev və Armen Qriqoryan arasında görüşlərdə iştirak etmişəm. 13-14 sentyabrda sərhəddə baş verən silahlı insident 2020-ci ildə əldə olunan atəşkəsdən sonra ən ciddi toqquşma idi. 300-ə qədər insan bu toqquşmada həlak oldu. Sentyabrda baş verən silahlı toqquşmadan sonra beynəlxalq ictimaiyyət regiona daha da fokuslandı. Biz burda stabilliyin dialoq yolu ilə əldə olunmağını istəyirik. Fransa müzakirələr prosesində ən yüksək səviyyədə iştirak edir. ABŞ da yüksək səviyyədə təmsil olunur. Biz tərəfləri sülh istiqamətində konkret addımlar atmağa, əldə olunan razılaşmaların müddəalarına əməl etməyə təşviq edirik”.
Aİ-nin xüsusi nümayəndəsi bir neçə gün əvvəl yayılan videoların araşdırılması ilə bağlı çağırış edib: “Bütün bunlar araşdırılmalıdır. Bu, milli hökumətlərin müvafiq orqanları tərəfindən edilməlidir. Biz ümid edirik ki, Azərbaycan hökuməti bu ittihamları ciddi şəkildə araşdıracaq. Həmçinin başqa videolar da var. Bu, döyüşlərdən yox, daha əvvəlki günlərdən olanlardır”.
Aİ: Azərbaycan Minsk qrupunun işini müvafiq hesab etmədiyini açıqlayıb
ATƏT-in Minsk qrupu qanuni olaraq mövcuddur.
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı deyib.
“Biz hamımız Minsk qrupunun fəaliyyəti üçün mövcud olan problemləri bilirik”, - Klaar qeyd edib.
Aİ rəsmisi bəyan edib ki, xüsusilə də Azərbaycan ölkə olaraq açıqlayıb ki, artıq Minsk qrupunun işini müvafiq hesab etmir.
Onun sözlərinə görə, ancaq hər bir halda vacib olan hal odur ki, beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistana sülhə doğru getməsi üçün kömək edir.
Klaar xatırladıb ki, ötən həftə Cenevrədə olarkən Rusiya XİN rəhbərinin müavini Rudenko ilə görüşüb və onlar Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər: “Əlbəttə ki, müəyyən kanallar var, ancaq Ukraynadakı müharibəni nəzərə alsaq, Rusiya ilə işləmək çox çətindir”.
.
