Ukraynanın vacib əks-hücumu bu vaxtadək Kiyevin və Qərbin gözləntilərini doğrultmayıb.
Yenizaman xəbər verir ki, bu barədə CNN-in analitik materialında qeyd olunub.
Bildirilib ki, Ukraynanın faciəsi odur ki, o, öz taleyinə özü qərar verə bilmir.
Yazıda qeyd olunub ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin hökuməti ABŞ və Qərbin silah tədarükündən asılıdır. Əlavə olunub ki, müharibənin başa çatmasında Rusiya Prezidenti Vladimir Putin də söz sahibi olacaq.
Məqalədə vurğulanıb ki, döyüş meydanında verilən qurbanlar Ukraynanın nə qədər ərazini geri qaytara biləcəyinə təsir göstərəcək, lakin bütün müharibənin nəticəsi ABŞ, Moskva və Avropa paytaxtlarındakı siyasi qüvvələrin yerdəyişməsi də daxil olmaqla xarici faktorlardan asılı olacaq.
Vurğulanıb ki, əks-hücumun dayanması və qışda dalana dirənməsi gələn il seçkilərin keçiriləcəyi ABŞ-da Vaşinqtonun Kiyevə dəstəyi ilə bağlı bir sıra sualların ortaya çıxması ilə nəticələnəcək.
Belə ki, amerikalılar Qərb alyansını canlandıran və Ukraynanın ən vacib xarici dəstəkçisi olan Baydenlə NATO-ya skeptik yanaşması olan və Vladimir Putinə rəğbət bəsləyən, müharibəni ehtimal ki, Vladimir Putinin şərtləri əsasında 24 saat içərisində bitirməyə söz vermiş sabiq Prezident Tramp arasındakı toqquşmalara hazırlaşırlar.
Məqalədə qeyd olunub ki, Tramp respublikaçıların 2024-cü il Prezident seçkilərində namizədi olmasa belə müharibəyə ictimai dəstəyin itirilməsi Baydenə zərər vura bilər: “Ona görə də həm siyasi, həm də strateji səbəblərdən Ukraynanın bu yay başlatdığı çoxdan gözlənilən əks-hücumu üzərində nəzərəçarpan döyüş irəliləyişləri əldə etməsi üçün nəhəng təzyiq var”.
Əlavə olunub ki, əks hücum bu vaxtadək blitskriq olmaqdan daha çox, əziyyətli bir işə çevrilib və müharibənin gələn il də davam edəcəyinə dair suallar yaradıb.
Vurğulanıb ki, belə vəziyyətdə müharibə tənliyinin əsas dəyişənləri Ukraynanın döyüş qabiliyyəti, amerikalıların çoxmilyardlıq yardım paketlərinə göstərəcəyi maraq və Vladimir Putinin nəhəng itkilərə dözümü olacaq.
.
