Rusiya Azərbaycanla Ermənistanın Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı razılıq əldə etməsinə yardımçı olub.

Bu barədə “İzvestiya” qəzeti adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadən məlumat verib.

“Azərbaycan və Ermənistan Naxçıvana gedəcək dəmir yolu ilə bağlı çoxdan, hələ ötən ilin payızında razılıq əldə edib. Avtomobil yolu ilə bağlı isə İrəvan uzunmüddətli fasilə götürmüşdü. Amma iyunun 3-də Baş nazir müavinlərinin sonuncu görüşündə yolun 6 kilometrlik hissəsini çıxmaq şərti ilə gələcək marşrut razılaşdırılıb. Həmin 6 kilometrlik hissədə dağlar var və Rusiyanın “Avtodor” şirkəti həmin əraziyə ekspertlər göndərib ki, onlar sadə mühəndis həlli yollarını göstərsin”, - mənbə bildirib.

Qeyd olunub ki, yol Ermənistan ərazisində Araz çayı boyunca keçəcək, qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən sovet dövründən qalan yollardan istifadə olunacaq. Həmin yollar sərhədin bütün xətti boyu qalıb və yalnız Ermənistanla Naxçıvanın sərhəd xəttindəki hissə qalır.

Mənbə onu da bildirib ki, İrəvan bu ilin martında Bakıda Azərbaycanla İran arasında Şərqi Zəngəzur iqtisadi rayonundan İran ərazisindən Naxçıvana gedəcək yolun inşası barədə memorandum imzalamasından sonra danışıqlar prosesini sürətləndirib.

.