
Pakistan təhlükəsizlik qüvvələri ekstremist “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları tərəfindən ələ keçirilən qatarın girov saxlanılan 450 sərnişinindən azı 104-nü azad edib.
Bu barədə “Geo TV” telekanalı məlumat yayıb.
Məlumata görə, azad edilənlər arasında 15 uşaq və 31 qadın var.
Girovların xilas olunması əməliyyatı davam edir və mürəkkəb relyef şəraitinə görə çətinləşib. Təhlükəsizlik qüvvələri ekstremistlərin əlində olan vətəndaşlara zərər verməmək üçün son dərəcə ehtiyatlı hərəkət edir. Əməliyyat tədbirləri zamanı hücumda iştirak edən 16 yaraqlı zərərsizləşdirilib.
Çərşənbə axşamı günorta saatlarında Pakistanda yaraqlılar Kvettadan (Bəlucistan əyalətinin mərkəzi) Pişəvərə (Xeyber-Paxtunxva əyalətinin mərkəzi) gedən qatarda 450 sərnişini girov götürüblər. "Geo TV"nin məlumatına görə, ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb. Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında atışma baş verib.
.