İsrailin baş naziri Binyamin Netanyahu qış aylarında ABŞ prezidenti Donald Tramp ilə keçirdiyi görüşlərdə bildirib ki, İsrail İrana qarşı hərbi əməliyyatı istənilən halda həyata keçirəcək – ABŞ-ın iştirakı ilə və ya onsuz.

Bu barədə The Washington Post qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, 2025-ci ilin payızında və qış aylarında Donald Tramp açıq şəkildə İranla razılaşma əldə etmək niyyətində olduğunu bildirirdi. Netanyahu isə ABŞ prezidentinin bu yolla gedəcəyindən ehtiyat edərək onu bu qərardan çəkindirməyə və hərbi kampaniyada iştirak etməyə inandırmağa çalışıb.

Qəzetin yazdığına görə, Netanyahu dekabr və fevral aylarında Tramp ilə keçirdiyi görüşlər zamanı yaxın həftələrdə İranın ballistik raket proqramı ilə əlaqəli obyektlərə zərbələr endirməyi planlaşdırdığını bildirib. O həmçinin qeyd edib ki, ABŞ əməliyyatda iştirak edib-etməməsindən asılı olmayaraq İsrail İrana qarşı zərbələr endirəcək.

Bununla belə, Netanyahu əvvəlcə ABŞ prezidentinin əməliyyat üçün “yaşıl işıq” verməsini istəyirdi.

Tramp isə Netanyahunun qətiyyətli olduğunu və İsrailin İrana hücumunun qaçılmaz olduğunu düşünərək nəticədə ABŞ-ın hərbi gücündən istifadə etmək qərarına gəlib.

“Bu, əslində yanlış bir fərziyyə idi, çünki ABŞ sadəcə İsrailə “yox” deyə bilərdi. Lakin bu, ağıllı taktika idi və hadisələrin gedişini hərbi əməliyyatların başlanması istiqamətində dəyişdirdi”, – deyə adı açıqlanmayan prezident müşaviri qəzetə bildirib.
 

.