İranın Müdafiə Nazirliyinin nüvənin inkişafına məsul olan gizli agentliyi ölkənin kosmik proqramında fəaliyyət göstərir.
Yenizaman-ın "Fox News" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Parisdə yerləşən İran Milli Müqavimət Şurasının (“National Council of Resistance of Iran”, NCRI) hesabatında deyilir.
“Bir neçə ay ərzində toplanmış məlumatlar göstərir ki, İranın Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı Şahrud və Semnan sahələrində nüvə başlıqlarının yaradılması üzrə işi gücləndirib”, - hesabatda deyilir. Məlumata görə, bu obyektlər əvvəllər sırf kosmik inkişaflarla əlaqəli hesab olunurdu.
Hesabatda Tehranın 2024-cü ilin sentyabrında “Çamran-1” tədqiqat peykinin buraxılması üçün istifadə etdiyi “Qaem-100” daşıyıcı raketindən də bəhs edilir. NCRI onun nüvə başlığı daşımağa qadir olduğuna inanır.
İkinci obyekt, Semnan kosmodromunda ağır peykləri orbitə çıxara bilən “Simurq” kimi maye yanacaqla işləyən raketlərin yaradılması üçün istifadə olunur. Bununla belə, təşkilat hesab edir ki, onlar nüvə yüklərini çatdırmaq üçün də uyğunlaşdırıla bilər.
Yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədini güdmür.
.