Bu günə qədər 184 ölkədə COVID-19-a qarşı 8,95 milyarddan çox peyvənd vurulub.

Bu barədə “Bloomberg”in təqdim etdiyi hesablamalarda öz əksini tapıb.

Bildirilib ki, bəşər tarixində ən böyük peyvənd kampaniyası ümumilikdə 8,95 milyard doza ilə davam edir: “Bu, hər 100 nəfər üçün 116 doza deməkdir. Hazırda orta peyvəndləmə dərəcəsi gündə 43,4 milyon dozadır.

Mütəxəssislərin fikrincə, həyatın normala dönməsi üçün əhalinin təxminən 75%-nin peyvənd edilməsi lazımdır. Artıq 38 ölkədə insanların 75%-i peyvəndin ən azı bir dozası ilə peyvənd olunub”.

Məlumatda daha sonra vurğulanıb ki, müxtəlif regionlarda peyvəndləmə prosesi hələ də qeyri-bərabər aparılır: “Yüksək gəlirli ölkələr aşağı gəlirli ölkələrlə müqayisədə 10 dəfə çox peyvəndləmə edirlər. Çində 2,7 milyard peyvənd edilib - sakinlərin 88,6%-i ən azı bir doza qəbul edib, 85,2%-i prosesi tamamlayıb. ABŞ-da 61,7%, Fransada - 79,6%, Almaniyada - 70,9%, Böyük Britaniyada - 70,7% tam peyvənd olunub. Eyni zamanda, Konqo Demokratik Respublikasında - 0,1%, Çadda - 0,5%, Haitidə - 0,6%, Yəməndə - 1,2%. Rusiyada 143,69 milyon peyvənd edilib, əhalinin 44,4%-i tam peyvənd olunub”.

Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başladığı gündən dünyada 279,55 milyon insan koronavirusa yoluxub, 5,4 milyon nəfər ölüb. Bu göstəricilərə görə, ABŞ birinci yerdədir: ölkədə 52 milyon yoluxma, 816,5 min ölüm qeydə alınıb.

.