Avropa İttifaqı miqrasiya siyasətinə dəyişiklik etməyə və qeyri-leqal miqrantların Avrozona ərazisindən deportasiyasına hazırlaşır.

“Reuters“-un xəbərinə görə, Aİ bu məqsədlə viza və ticarət sahəsi də daxil olmaqla, bir sıra dəyişiklikləri nəzərdən keçririr. Bunda məqsəd qeyri-leqal miqrantların ölkələrinə deportasiya prosesini sürətləndirməkdir.

Aİ Polşanın miqrantlara sığınacaq verilməsinin dayandırılması təklifini də dəstəkləyib. Tərəflər, həmçinin qeyri-leqal miqrantların deportasiyasının sürətləndirilməsi üçün ixtisaslaşmış mərkəzlərin yaradılmasını da qərarlaşdırıb. Artıq İtaliyanın dəstəyi ilə belə mərkəzlərdən biri Albaniya ərazisində təsis olunub.

Müvafiq hesabatda qeyd olunur ki, ötən il ərzində müxtəlif ölkələrdən olan 484 min qeyri-leqal miqrantın Avropa İttifaqı ərazisindən çıxarılmasına qərar verilsə də, onların yalnız 20 faizi “qoca qitəni” tərk edib.

Avropa Komissiyasının Prezidenti Ursula von Der Leyen təklifə münasibət bildirərkən, onu Rusiya və Belarusun hibrid xarakterli hücumlarına cavab adlandırıb.

Bu arada, haqqında bəhs olunan qərarı dəstəkləməyənlər də var. Belə ki, Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniya əhalisi sürətlə yaşlandığından bu qərar ölkədə işsizlik problemi ilə nəticələnənməklə yanaşı, pensiya sistemi üçün ağır yükün yaranmasına səbəb olacaq.

İspaniyanın Baş naziri Pedro Sançes də miqrantlara qarşı tələblərin sərtləşdirilməsini əsassız sayıb. Onun sözlərinə görə, qərar Avrozonada təbii artım faizinin aşağı düşməsinə səbəb olacaq.

.