ABŞ hərbçiləri “Taliban”la gizli razılaşma əldə edərək, bir qrup Amerika vətəndaşlarının hərəkat silahlıları tərəfindən Kabil hava limanının “gizli” qapısına qədər müşayiət edilməsinə nail olublar.

Belə bir iddia “CNN” telekanalında səsləndirilib.

Məlumata görə, təxliyə olunmaq istəyən amerikalılara hava limanının yaxınlığındakı müvafiq toplaşma məntəqələri barədə əvvəlcədən məlumat verilib və bildirilib ki, orada “taliban”çılar sənədlərini yoxladıqları şəxsləri ABŞ ordusunun təxliyə üçün gözlədiyi nəzarət məntəqəsinə qədər müşayiət edirmiş.

“Amerika ordusu əksər hallarda “taliban”çıların müşayiət etdiyi vətəndaşların hərəkətini izləyə bilərdi” – deyə “CNN” xəbər verir.

Müşayiət əməliyyatlarının gün ərzində bir neçə dəfə həyata keçirildiyi qeyd olunur və bildirilir ki, toplaşma məntəqəsi kimi Daxili İşlər Nazirliyinin binasından daha çox istifadə edilirmiş.

.