
Şimali Koreya diktatoru Kim Çen Inın kiçik bacısı, 27 yaşlı Kim Yo Çjyon hakimiyyətdə yüksək vəzifəyə təyin olunub.
Yenizaman.az xəbər verir ki, bu haqda Şimali Koreyanın rəsmi teleqraf agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Kim Yo Çjyon Koreya Əmək Partiyasının Mərkəzi komitəsində şöbə rəisinin müavini təyin olunub. O, hazırda Kim Çen Inın Koreya hakimiyyətində rəsmən təmsil olunan yeganə ailə üzvüdür.
Bundan əvvəl Kiç Çen Inın bibisi Kim Qyon Hi partiya iyerarxiyasında mühüm vəzifə tuturdu, lakin ötən ilin dekabrından onun taleyi məlum deyil.
Qadının əri, Şimali Koreya hakimiyyətində "ikinci adam” hesab olunan Çan Son Txek "dövlətə xəyanətdə və əxlaqsızlıqda” günahlandırılaraq həbs olunub və tezliklə güllələnib.
Seuldakı mənbələr deyirlər ki, Kim Çen Inın bacısı onun bibisindən daha nüfuzludur. O, Kim Çen Inın xalqın lideri obrazının yaradılmasında böyük rol oynayır və qardaşının hakimiyyətinin möhkəmləndirilməsi səylərinin mərkəzində yer alır.
Kim Yo Çjyon İsveçrədə təhsil alıb. Onun banklarda və dəmir yol layihələrində rəhbər postlar tutduğu haqda məlumatlar var.
.