Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununda vurduğu üç qolla “Real”a 3:1 hesablı qələbə qazandıran Kərim Benzema bir neçə rekorda imza atıb.

Fransalı hücumçu həm Çempionlar Liqası, həm Fransa futbolu tarixində yaddaqalan göstəricilərə imza atıb.

Benzema karyerası ərzində vurduğu qol sayını 411-ə çatdırıb. O, fransalı futbolçular arasında rekordçu olan Tyerri Anriyə şərik çıxıb.

Kərim Çempionlar Liqası tarixində bir oyuna 3 və ya daha çox qol vuran ən yaşlı futbolçudur. 34 yaş 80 günlüyündə fərqlənən forvard həmyerlisi Olivye Jirunun göstəricisini 17 gün üstələyib.

“Real”dakı qol sayını 309-a çatdıran Benzema klub tarixinin 3-cü bombardiri olub. Alfredo di Stefanonu (308) arxada qoyan fransalı yalnız Kriştiano Ronaldo (450) və Rauldan (323) geri qalır.

Benzema “Real”ın Çempionlar Liqasındakı ikinci bombardiridir. Qol sayını 67-yə çatdıran fransalı Raulu (66) arxada qoysa da, Kriştiano Ronaldodan (105) geri qalır.

Çempionlar Liqasının 18 təqvim ilində qol vuran Kərim yarışın tarixində ilk belə oyunçudur. O, 2005-ci ildən indiyədək hər il ən azı bir qol vurmağa nail olub.

Benzema bu het-triki 18 dəqiqəyə rəsmiləşdirib. O, 61-ci, 76-cı və 78-ci dəqiqələrdə fərqlənib.

Kərim Çempionlar Liqasında sonuncu dəfə 2015-ci ilin dekabrında het-trik etmişdi. Həmin vaxt fransalı “Malmö”yə qənim kəsilib.

Benzema 500-cü dəfə “Real”ın start heyətində yer alıb. O, klub tarixinə buna nail olan ikinci legioner kimi düşüb. Yalnız Roberto Karlos onu qabaqlayır – 524.

Çempionlar Liqasında 141-ci matçına çıxan Benzema turnirdə ən çox oynayan fransalı olub. O, Tyerri Anrini arxada qoyub.

.