Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Taekvondo Federasiyasının (ATF) hesabat-seçki konfransı keçirilib.

Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra ATF-in İdarə Heyətinə yeni seçki keçirilib. 1999-cu ildən federasiyanın prezidenti vəzifəsini icra edən Kəmaləddin Heydərov yenidən qurumun rəhbəri seçilib. O, növbəti 5 ildə də ATF-ə başçılıq edəcək.

Konfransda həmçinin Nağı Səfərov və Niyaməddin Paşayev federasiyanın vitse-prezidentləri seçiliblər. Federasiyanın Nizamnaməsinə əsasən, federasiya prezidenti daha bir vitse-prezidenti təyin etmək səlahiyyətinə malikdir. Digər vitse-prezident İcraiyyə Komitəsinin növbəti iclaslarında təyin ediləcək.

Tədbirdə Taekvondo Federasiyası İcraiyyə Komitəsinə də seçkilər keçirilib. Ələkbər İmaməliyev, Gündüz Abdullayev, Səməd Heydərov və Vüqar Məmmədov İcraiyyə Komitəsinə üzv seçiliblər.

Konfransda Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış edərək qurumun bundan sonrakı fəaliyyətində görüləcək işlər və qarşıdakı planlar barədə fikirlərini bildirib.

.