Qüdrət Həsənquliyevin parlamentdə səsləndirdiyi təklifin pərdəarxası məqamları

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin bugünki iclasında elektrik enerjisi, qaz, su və digər kommunal xidmət sahələrinin özəlləşdirilməsin təklif edib. İnfoAZ.org xəbər verir ki, deputat bildirib ki, sözü gedən xidmət sahələrinin özəlləşdirilməməsi dövlət üçün əlavə yükdür: "Hesab edirəm ki, dövlətin bu yükün altından çıxması, bu məsələlərdə kənara çəkilməsi imkan verəcək ki, nəzarət mexanizmi daha da yaxşı təşkil olunsun. Bəzi xarici ölkələrdə hətta həbsxanalara belə özəl şirkətlər nəzarət edir, mühafizə edir. Bu halda, yəni xidmət sahələrinin özəlləşdirilməsi dövlətin imkanlarını genişləndirir. İndiki halda isə bu dövlətə bağlı olan qurumlar olduğundan bir çox hallarda quruma yönələn tənqidlər həm də dövlətə yönəlir. Hesab edirəm ki, bu xidmət sahələrinə iş adamları investisiya yatırmalıdır. Strateji sahələr isə özəlləşdirilməsində isə yalnız Azərbaycan vətəndaşı iştirak etməlidir. Bununla bağlı qanunvericiliyə dəyişiklik edə bilərik. Düşünürəm ki, bunu etsək, bu sahədə nəzarəti həyata keçirə bilərik".
Qüdrət Həsənquliyev əlavə edib ki, kommunal xidmət sahələrinin özəlləşdirilməsi vətəndaşların daha səmərəli xidmət göstərməyə imkan verəcək: "Mətbuat vasitəsilə oxuyuruq ki, elektrik enerjisində itkilər çoxdur. Dünyanın heç bir yerində elektrik enercisi sahəsində itkilər bu qədər deyil. Elektrik enerjisini istehsal edən qurum həm də bunu əhaliyə satır. Bu halda isə itki hallarına yol verilir. Elektrik enerjisi özəl təşkilat tərəfindən satılsa, bu qədər itki olmayacaq və əhali daha keyfiyyətli və səmərəli xidmətlə təmin ediləcək".
Bəzi məlumatlara görə, Qüdrət Həsənquliyevin bu təkliflə çıxış etməsinin arxasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun maraqları dayanır. Məlumat üçün qeyd edək ki, Qüdrət Həsənquliyev fövqəladə hallar nazirinə yaxın şəxs sayılır. Məlumatlarda deyilir ki, Kəmaləddin Heydərov xidmət sahələrini nəzarətinə keçirmək istəyir. Onun bu istiqamətdə uzun müddətdir ki, səy göstərdiyi iddia edilir. Lakin bu sahələrə rəhbərlik edənlərin dəyişdirilməsi hakimiyyət daxilində ciddi zidiyyətlərə səbəb ola bilər. Ona görə də "fövqəlnazir" məqsədinə çatmaq üçün özəlləşdirməni daha məqsədəuyğun sayır. Kəmaləddin Heydərovun iqtisadi qüdrəti imkan verir ki, özəlləşdirmə prosesində qalib olsun. Xatırladaq ki, Fərhad Əliyev də iqtisadi inkişaf naziri olanda enerji sahəsini Barmek vasitəsilə nəzarətinə keçirə bilmişdi.
infoaz.org
.