Ötən ilin yanvar ayında İsmayıllıda baş verən olaylardan sonra prezidentin işdən çıxardığı keçmiş icra başçısı Nizami Ələkbərovun rayondakı biznesi çətin günlərini yaşayır.
Belə ki, sabiq icra başçısının vəzifə tutduğu dönəmdə İsmayıllının İvanovka kəndində zəbt etdiyi ərazidə tikdirdiyi çörək zavodu bir neçə aydır fəaliyyətə başlasa da obyekt ciddi maliyyət böhranı ilə üzləşib. Çünki milyonlarla vəsait hesabına tikilən zavodun istehsal etdiyi çörək və şirniyyat məhsullarının İsmayıllı bazarına çıxarılmasına icazə verilmir. Mağaza sahibləri, restoranlar, şadlıq sarayları, iaşə obyektləri N.Ələkbərova məxsus olduğu üçün İvanovka zavodunun məhsullarından imtina edirlər.
Qonşu rayonlara da məhsul ixrac edilsə də sonradan bəzi rayonlar alış-verişdən boyun qaçıb, şirkətin N.Ələkbərova məxsus olduğunu bilib özləri üçün artıq problem istəmədiklərini qeyd ediblər.
Zavodun yalnız bir neçə satış mərkəzi var ki, bunlar da sabiq icra başçısına yaxın olan insanlar tərəfindən idarə edilir. İvanovka kəndinin 80-ə yaxın sakininin çalışdığı zavod satış bazarı tapa bilməməsi üzündən hazırda ciddi sıxıntı yaşayır.
Bu məlumatı virtualaz.org saytına zavodda çalışan şəxslərin bir qrupu verib. Onların sözlərinə görə, işçilərin əməkhaqqı bir neçə aydır verilmir. Hətta ötən il dekabr ayının da maaşını ala bilmədiyi üçün çörəksiz qalan kənd sakinləri rəhbərlikdən narazılıq edərək pullarını istəyirlər. Zavodun kommunal borclarının vaxtlı-vaxtında ödənilməməsi üzündən təchizat da bir neçə dəfə dayandırılıb. Müəssisənin hətta külli miqdarda kredit borclarının olduğu deyilir.
Zavodda işləyənlərin sözlərinə görə, müəssisəyə rəhbərlik edən şəxs maliyyə problemini həll etmək üçün N.Ələkbərovla görüşsə də keçmiş başçı əlavə vəsait verməkdən imtina edib. İflas ərəfəsində olan zavodda artıq bir neçə briqada işdən azad edilib.
Qeyd edək ki, ötən ilin yay aylarından işə başlayan zavodun tikintisi üçün investisiya layihəsinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 milyon manata yaxın güzəştli kredit verilib. Müəssisənin bütün texniki avadanlıqları Belarusdan gətilib. Zavod işə başlayandan yerli işçiləri texnikalardan istifadə etməyi öyrətmək üçün yüksək qonorarla Belarusdan mütəxəssislər gətirilib. Xatırladaq ki, N.Ələkbərov və onun nazir qardaşı Füzuli Ələkbərov ötən ilin yanvarında İsmayıllıda baş verən olaylardan sonra hər şeylərini itiriblər.
.
