
Cek Metlok NATO-nun Şərqə doğru genişlənməsini "axmaqlıq” adlandırdı
Amerika Birləşmiş Ştatlarının 1987-1991-ci illərdə SSRİ-də səfiri olmuş Cek Metlok etiraf edib ki, SSRİ-nin dağılmasından sonra NATO-nun Şərqə doğru genişləndirilməsi və bunun həyata keçirilməsi prosesinin özü səhv olub.
Bizimyol.info bildirir ki, səfir Almaniyanın "Tageszeitung" qəzetinə müsahibəsində deyib: "Biz, "Soyuq müharibə”nin dayandırılmasında iştirak edən insanlar xəbərdarlıq etmişdik ki, həmin dövrün alyanslarından gələcəkdə istifadə olunmasın. Əgər 1990-ci illərin ortalarında Şərqi Avropada reallaşdırılan "Sülh naminə tərəfdaşlıq” proqramında "hərbi komponentə az önəm verilsəydi, NATO-nun iştirakı olmadan reallaşdırılsaydı və Polşanın, Çexiyanın, Macarıstanın və Baltikyanı dövlətlərin sərhədlərindən kənara çıxmasaydı, hər şey daha yaxşı olardı.
Ancaq Rusiyadan təhlükə gözləməyən Rumıniyanı və Bolqarıstanı da bura qatdılar deyə artıq bu, Moskva tərəfindən qəbuledilməz hala gəldi.
Sonra Polşada əslində heç mövcud olmayan İran raketlərindən qorunmaq adı altında hərbi baza yaratmağa başladılar ki, bunu da ruslar dərhal təxribat kimi qiymətləndirdi.
Nəhayət, birbaşa Rusiya ilə həmsərhəd və daxili planda çox dərindən parçalanmış olan Ukraynanı 2008-ci ildə NATO üzvlüyünə şirnikləndirdilər. Bütün bunlar Qərbin axmaq addımları idi və bu gün onlara olan reaksiyanı görürük”.
Səfir Metlok deyib ki, əgər Çin Meksika və Kanada ilə hərbi əməkdaşlıq qurmağa başlasaydı, ABŞ da sakit oturmazdı: "Biz də buna bütün vasitələrl müqavimət göstərəcəkdik və belə halda hər dövlət məhz bu cür hərəkət edər”.
Səfir vurğulayıb ki, bütün bunlara görə Ukraynada olanlar gözlənilən idi. Putin hər hansı rus liderin bu halda edə biləcəklərini edir: "Üstəlik, bu ilin fevralında Ukraynada baş vermiş çevrilişdə hakimiyyətə açıq antirus düşüncəli, hətta mübaliğəsiz neonasist adlandırılacaq qədər sağçı radikal qüvvələr gəlib. Bu arada inzibati binaların zorakı yolla zəbt olunması da birinci Ukraynanın qərbində oldu, şərqində yox”.
Səfir Metlok daha sonra deyib ki, Qərb iki qardaş dövlət olan Rusiya ilə Ukrayna arasındakı münaqişəyə qarışmaqda daha bir ciddi səhvə yol verdi: "Böyük hesabla götürəndə, bu, ailə məsələsidir, ailə münaqişəsidir, Rusiya və Ukraynadan başqa üçüncü heç bir tərəf qarışmamalıdır”.
O qeyd edib ki, Rusiya beynəlxalq razılaşmaları pozub, amma burda da ilk addımı Qərb atmışdı: "Məsələn, NATO Kosovoya görə Serbiyanı bombalayanda Helsinki razılaşmalarını pozdu; bu razılaşmalara görə, dövlətlərin sərhədləri hər iki tərəfin razılığı ilə dəyişdirilə bilər. O vaxt Putin dedi ki, Qərb presedent yaratdı və bundan sonra Rusiya da lazım gələndə o razılaşmaları pozacaq”.
Səfir Metlok deyib ki, Qərbdə legitimlikdən danışanda bütün bunları xatırlamaq lazımdır: "Rusiyanın özünü başqa cür apardığını iddia edib ondan düşmən düzəltmək bu mənada ədalətsizlik olardı”.
.