Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova məxsus, Ağsuda yerləşən istixananın “Azəriqaz”a 200 min manatdan çox borcunun olması barədə məlumatlar yayılıb.

Bildirilir ki, bir neçə ildir ki, “Ağsu-Aqrotexservis” ASC, daha sonra isə adı “Formes.group.az” MMC kimi dəyişdirilən istixananın “Azəriqaz” İstehsalat Birliyinə böyük məbləğdə borcu var.

“Azəriqaz” İB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh “Ağsu-Aqrotexservis” ASC-dən (istixana) təbii qazdan istifadəyə görə yaranmış 137 min 200 manat 80 qəpik borc “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməlidir:

“Daha sonra 2019-cu ilin noyabr ayında “Ağsu-Aqrotexservis” ASC ilə “Azəriqaz” İB arasında qətnamə üzrə borcun hissə-hissə icra edilməsi məqsədilə tərəflər arasında müvafiq razılaşma imzalanıb.

Razılaşmaya əsasən, “Ağsu-Aqrotexservis” ASC ilkin olaraq qətnamə üzrə borcdan 20 000 manat ödəməyi, 25.01.2020-ci ildən başlayaraq 25.12.2020-ci ilədək isə hər ay istehlak edilmiş qazın dəyərini ödəməklə yanaşı, 9 min 766 manat 74 qəpik borcun ödənilməsini öhdəsinə götürüb.

İstixananın qaz təchizatı razılaşmanın şərtlərinə uyğun olaraq 2019-cu ilin noyabr ayında bərpa edilib. Lakin “Ağsu-Aqrotexservis” ASC tərəfindən razılaşmaya əməl edilməyib”.

ASC-dən bildirilib ki, müəssisə adını deyişdikdən sonra borc ödənilməyib:

“Ağsu-Aqrotexservis” ASC-yə məxsus istixana 2019-cu ilin noyabr ayında icarə müqaviləsinə əsasən, “Formes.group.az” MMC-yə verilib. İcarə müqaviləsində “Formes.group.az” MMC tərəfindən müqavilə imzalanan günədək qaza görə yaranmış borcların ödənilməsinə dair öhdəlik götürülüb.

Eyni zamanda, 26.11.2019-cu ildə “Formes.group.az” MMC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi imzalanıb. Hazırkı vaxtda həmin müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində “Formes.group.az” MMC-nin Birliyə 217 min 240 manat 81 qəpik borcu yaranıb.

Dəfələrlə Birliyin Ağsu Regional qaz istismarı İdarəsi tərəfindən borcun ödənilməsi məqsədilə “Formes.group.az” MMC-yə müraciətlər cavabsız qalıb. Buna görə də müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”.

.