Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiyanın baş prokurorları Xəzər dənizinin qorunmasında əməkdaşlıq haqqında bəyannamə imzalayıb.

Bu barədə TASS xəbər yayıb.

Sənəd Xəzəryanı dövlətlərin baş prokurorlarının çərşənbə günü Sankt-Peterburqda keçirilmiş iclasında imzalanıb (İranın baş prokuroru tədbirdə videokonfransla iştirak edib).

Rusiyanın baş prokuroru İqor Krasnov Xəzər dənizinin bütün beş dövlət üçün böyük strateji əhəmiyyətə malik olduğunu və ölkələrimizin ərazilərini vahid bir ekoloji sistemə bağladığını, bu səbəbdən Xəzər regionu dövlətlərinin baş prokurorlarının ətraf mühitin mühafizəsi və Xəzər dənizinin təbii ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Bəyannaməsində nəzərdə tutulan ortaq fəaliyyətlərin müsbət təsir göstərəcəyini vurğulayıb.

“Bu görüş və sənədin imzalanması Xəzər istiqamətində beştərəfli formatda gələcək qarşılıqlı fəaliyyətin təməlini qoyacaq. Əminəm ki, bu, zəngin və məhsuldar olacaq”, - deyə Krasnov əlavə edib.

Rusiyanın baş prokuroru Xəzərin ekologiyasının qorunması sahəsində əməkdaşlıq məsələlərini daha ətraflı müzakirə etmək üçün 2022-ci ilin əvvəlində ekspertlər səviyyəsində görüşlər keçirməyi təklif edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Rusiyaya səfərə gedib.

.