“Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə bağlı işlər davam edir”.

Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.

Baş Prokuror bildirib ki, bu məsələ diqqət mərkəzindədir: “Artıq 55 belə şəxs müəyyən olunub. Eyni zamanda Kəlbəcərdə, Başlıbeldə və digər yerlərdə də kütləvi naməlum məzarlar artıq aşkarlanır. Bu istiqamətdə fəaliyyətimiz davam edir. İkinci Qarabağ müharibəsindən sonra isə bizim 7 itkin düşən hərbçimiz var. O sahədə də bizim işlərimiz davam etdirilir. Ölkə rəhbərliyi tərəfindən qarşımıza qoyulan vəzifəyə əsasən, biz çalışacağıq ki, həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi dövründə itkin düşənlərin hər biri tapılsın və öz ailələrinə qaytarılsın. Biz buna çalışırıq. Bununla bağlı müxtəlif dövlət qurumları ilə, müxtəlif ölkələrlə də əməkdaşlıq edirik. O cümlədən bizim Türkiyə və Rusiya tərəfi ilə əməkdaşlığımız var. Bununla bağlı Rusiyanın Baş Prokuroru ilə də razılığa gəlmişik. Razılığa əsasən, Qarabağ müharibəsi dövründə itkin düşənlərin aqibətinə aydınlıq gətirilməsi üçün onlar da bizə yardım göstərəcək”.

Baş Prokuror: “Ermənistana və onun konkret vəzifəli şəxslərinə qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq”

“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı materiallar hazırlanıb, bütün faktlar sənədləşdirilib”.

Bunu Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı işlər davam edir: “Bu cinayətlər bəşəriyyət, insanlıq əleyhinə olan cinayətlərdir. Ermənistan eyni zamanda Azərbaycanın təbiətinə, ekologiyasına ziyan vurması, o cümlədən mədəniyyət abidələrinin dağıdılması ilə bağlı bütün cinayətlər üzrə bizim istintaq hərəkətlərimiz bütün aidiyyəti dövlət qurumları ilə birlikdə davam edir. Ölkə Prezidenti İlham Əliyevin tapşırığı və göstərişi əsasında bu sahədə işlər davam etdirilir. Materiallar hazırlanıb, bütün faktlar sənədləşdirilib. Hazırda aidiyyəti qurumlarla, o cümlədən Xarici İşlər Nazirliyi ilə müvafiq məsləhətləşmələr aparılır. Bu istiqamətdə Ermənistan dövlətinə və onun konkret vəzifəli şəxslərinə qarşı beynəlxalq məhkəmələrdə iddiaların qaldırılması təmin ediləcək. Bu sahədə də türkiyəli həmkarlarımızla əməkdaşlıq edirik, fikir mübadiləsi aparırıq. Hesab edirəm ki, birgə əməkdaşlığımız kifayət qədər səmərəli olacaq”.

.