Yanvarın 19-21-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığında işgüzar səfərdə olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Öncə nümayəndə heyəti ölkəmizin Haaqadakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Daha sonra Baş prokuror Avropa İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyində (Avrocast) qurumun prezidenti Ladislav Hamranla görüşüb.
Nümayəndə heyətini salamlayan Avrocastın rəhbəri ilk növbədə 20 yanvar hüzn günü ilə bağlı Baş prokuror Kamran Əliyevə başsağlığını ifadə edib. Ladislav Hamran Avropa İttifaqının cinayətkarlıqla mübarizə orqanlarının, xüsusilə də Avrocastın ölkəmizin prokurorluq orqanları ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu qeyd edib.
Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirərək, prokurorluq orqanlarında Prezident cənab İlham Əliyevin rəhbərliyi və tövsiyələri ilə aparılan hüquqi islahatlar haqda geniş məlumat verib. Baş prokuror bildirib ki, Avrocastla əməkdaşlığın inkişafı islahatların tərkib hissəsi olan beynəlxalq əlaqələrin genişlənməsi baxımından xüsusi önəm kəsb edir. Avrocastın mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri ilə mübarizədə 70-dən artıq ölkə arasında körpü rolunu oynadığını nəzərə alaraq gələcəkdə bu qurumla sıx əməkdaşlığın həyata keçirilməsi haqda razılıq əldə olunub.
Səfər çərçivəsində İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) baş direktoru Ketrin Bomberger ilə görüş keçirilib. Səmərəli diskussiya formatında keçirilmiş görüşdə Kamran Əliyev 1-ci Qarabağ, həmçinin Vətən müharibəsi zamanı 3896 nəfər azərbaycanlının itkin düşdüyünü, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək kütləvi məzarlıqlarda basdırıldığını bildirib. Baş prokuror Ermənistan tərəfindən bu məsələdə qeyri konstruktiv mövqe sərgilədiyini vurğulayaraq ötən müddət ərzində az sayda qalıqların təhvil verildiyini qeyd edib. İCMP-nin qalıqların şəxsiyyətlərinin müəyyən edilməsinə qabaqcıl təcrübəsini nəzərə alaraq bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb. Daha sonra Komissiyanın laboratoriyalarına baxış keçirilib, ölkəmizin prokuror-kriminalistləri üçün tədris səfərinin təşkil olunması müzakirə edilib.
Baş prokuror həmçinin Haaqa şəhərində yerləşən və ölkəmizin prokurorluq orqanları ilə uzun illər ərzində səmərəli əməkdaşlıq edən Beynəlxalq Prokurorlar Assosiasiyasının Katibliyində (BPA) görüş keçirib. Təşkilatın Baş Katibi Han Moraal, İcraçı Direktoru Yanne Holst-Hübner və Baş Müşaviri Şenaz Muzafferlə görüş zamanı ölkəmizin Baş prokuroru, BPA-nın vitse-prezidenti Kamran Əliyevə təşkilatın fəaliyyətinə daim dəstəyə, o cümlədən ölkəmizin prokurorluq əməkdaşının Assosiasiyanın Katibliyə ezam olunduğuna görə təşəkkür ifadə olunub.
2024-cü ilin sentyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi və bütün dünya ölkələrindən prokurorların qatılacağı Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı ilə bağlı bir sıra təşkilati məsələlər müzakirə edilib.
Görüşlərdə ölkəmizin Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev iştirak edib.
.