Uzun illər "Azərneftyağ” neft emalı zavodunun idarəetmə aparatında çalışmış bir neçə işçi Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə müraciət edib.Neftçiləri bu addımı atmağa sövq edən səbəb var. Belə ki, bu zavod ləğv olunub və Bakı Neft Emalı Zavoduna birləşdirilib. Bu vaxta qədər ixtisar xəbərdarlığından yalnız zavodun fəhlələri təşvişə düşürdü. İndi idarəetmə aparatında çalışanlar da narahatdır.
Onlar komitənin sədri Mirvari Qəhrəmanlıya bildiriblər ki, Dövlət Neft Şirkətindən ixtisar xəbərdarlığı alıblar.
Mirvari Qəhrəmanlı virtualaz.org saytına açıqlamasında neftçilərin müraciəti barədə məlumat verdi: "Mənə delər ki, iki ay əvvəl onlara 389 nəfərin ixtisar olunacağı bildirilib. O zaman idarə aparatında çalışanların adları çəkilmirdi. Ancaq indi deyirlər ki, siyahıda idarə aparatında işləyənlər də var. Kim Bakı Neft Emalı Zavoduna az maaşla aşağı vəzifədə işləməyə razılaşsa, o qalacaq. Kim razılaşmasa, bu başdan başına çarə qılsın. İşçilərsə deyirlər kim razı olar ki, burada şöbə müdiri işləyəndən sonra gedib orada yer süpürsün?”
Neftçilərin işlə bağlı gələcək taleyi sual altındadır. Himayəsində azyaşlılar, qocalar, əlillər olan işçilər daha çox narahatdır. Onlar bu barədə narahatlıqlarını Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinə bildiriblər.
M.Qəhrəmanlı deyir: "Məsələn, eləsi var ki, deyir, şəxsən mənim təqaüd vaxtıma xeyli var, bu yaşda mənə kim iş verəcək, təqaüdə çıxanadək məni kim himayə edəcək. Belə çıxır ki, neftçi təqaüd yaşına çatanadək hava ilə dolanmalıdır...”
İşçiləri narahat edən digər məsələ odur ki, onlara apreldə işsiz qalacaqları barədə xəbərdar edilsələr də kompensasiya vəd olunmur.
Qeyd edək ki, ARDNŞ-in 24 dekabr, 2014-cü il tarixli əmri ilə "Azərneftyağ” neft emalı zavodunun 1 yanvar, 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilib.
Ötən ilin sonunda şirkətin rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu barədə danışarkən bildirmişdi ki, böyük ixtisarlar nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, ixtisarlar "Azərneftyağ”da çalışan fəhlələrə şamil edilməyəcək. Fəhlələr Bakı Neft Emalı Zavoduna köçürüləcək. "Azərneftyağ”da və Bakı Neft Emalı zavodunda ayrı-ayrılıqda 198 rəhbər şəxs var. İxtisarlar onların arasında aparılacaq.
Mirvari Qəhrəmanlının sözlərinə görə, iki zavodun birləşməsi ilə bağlı yeni ştat cədvəli hazırlanır: "Təbii ki, ixtisara düşənlər olacaq. Yeni tərkib üçün hər iki zavodun peşə bilikləri yoxlanılacaq. Ən yüksək bal toplayan işlə təmin olunacaq. İşçilər arasında müxtəlif banklardan kredit alanlar da var. Sexlər köçürülməyəcək. Elə "Azərneftyağ”ın ərazisində qalacaq”.
.
