“Slovakiya üçün ərazi bütövlüyü önəmlidir. Bu, xarici siyasət strategiyamızda əksini tapıb və Azərbaycana münasibətdə də belədir”.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok deyib.

Slovakiyalı nazir qeyd edib ki, münaqişənin həllindən sonra hər iki icmanın sülh şəraitində yaşamasını təmin etmək önəmlidir.

Slovakiyanın etimad yaratma tədbirlərində iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdıran XİN başçısı vurğulayıb ki, ölkəsi vacib regional əlaqələr və ikitərəfli münasibətlərin inkişafında da maraqlıdır.

Nazir Korçok: “Slovakiya Aİ ilə yeni sazişin imzalanması məsələsində Azərbaycana dəstək verəcək”

“Qonaqpərvərliyə və geniş müzakirələrə görə təşəkkür etmək istəyirəm”.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Slovakiya xarici və Avropa işləri naziri İvan Korçok bildirib.

İ. Korçok deyib ki, Türkiyəyə səfərdən sonra Azərbaycana gəlib: “Keçmişdəki siyasi dialoq və əməkdaşlıq üzərində əməkdaşlığımızı inkişaf etdirmək istəyirik. Prezident İlham Əliyevə təşəkkür edirik, çox faydalı əməkdaşlıq oldu. Biz regiondakı, Qarabağdakı vəziyyəti nəzərdən keçirdik. Mən ilk dəfə xarici işlər naziri kimi Azərbaycana səfər edirəm. Amma mən başqa statusda 20 il əvvəl Bakıda olmuşam. İndiki Bakının inkişafının şahidi oldum və bu, çox xoş bir təəssürat bağışladı”.

İ. Korçok qeyd edib ki, C. Bayramovla görüşdə ikitərəfli münasibətlər müzakirə olunub: “Slovakiyadan Azərbaycana hava yolu ilə 4 saat uçuş müddəti var. Amma bu məsafəni münasibətlərin inkişafında maneə kimi görmürük. Xarici işlər naziri Ceyhun Bayramovu Bratislavaya səfərə dəvət edirəm”.

Slovakiya xarici və Avropa işləri naziri nəzərə çatdırıb ki, iki il əvvəl Slovakiyanın Azərbaycanda səfirliyi açılıb: “Azərbaycanın da Slovakiyada səfirliyinin açılmasını istəyərdik”.

Qonaq deyib ki, Slovakiya və Azərbaycan arasında iqtisadi əlaqələr qaneedici sayıla bilməz: “Slovakiyada çoxsaylı avtomobillər istehsal edir. Eyni zamanda Slovakiyada “ağıllı şəhərlər” yaradan startap layihələri həyata keçirilir. Bu sahədə Azərbaycanla əməkdaşlıq edə bilərik”.

İ. Korçok qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı yeni sazişin imzalanması vacibdir və Slovakiya bu sahədə Azərbaycana dəstək verəcək.

.