Bu gün İctimai Televiziyanın bir qrup əməkdaşı işdən çıxarılıb.
Belə ki, televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, ictimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, analitik proqralar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin informasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı istefa verib.
İşdən çıxarılanlar arasında "Carçı-film” Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilova da var. Qeyd edək ki, işdən çıxarılanlar özləri istefa verdiklərini bildirir.
Məlumatlara görə, İTV-dən kütləvi işdən çıxarılmalar əmək müqavilələrinin vaxtının bitməsi ilə əlaqələndirilir. Belə ki, adı çəkilən əməkdaşlarla bağlanmış müqavilələr dekabrın 1-də başa çatıb. Bu gün kütləvi şəkildə işdən əməkdaşlarla yeni müqavilə imzalanmayacağı bildirilib. Bunu isə İTV rəhbərliyi "yuxarıdan verilən tapşırıq”la əlaqələndirib.
Xatırladaq ki, bir müddət öncə AzNews.az analitik proqramlar departamentinin direktoru, "Prezident seçkiləri-2013” teledebatların moderatoru Füzuli İsmayılov efirdən uzaqlaşdırılması barədə məlumat yaymışdı.

***
13:38

İTV-dən işdən çıxarılanlar siyahısına yeniləri əlavə olunub.
AzNews.az-ın məlumatına görə, bunlar İTV-nin Türkiyə müxbiri Rəhimə Mirzəyeva, operator Dilqəm Mirzəyev, "Carçı-film” Yaradıcılıq Birliyinin böyük rüdakroru Anar Məmmədov, telekanalın Aran bölgəsi üzrə müxbiri Əminə Rəhimova, Gəncə müxbiri Vaqif Tanrıverdiyevdir.
Bu arada AzNews.az-a analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılovun işdən çıxarılmasının səbəbləri məlum olub. Mənbə bildirir ki, onun işdən çıxarılması Cəmil Quliyevin müavini Şaiq Məmmədovla aralarında yaranan problem olub.
Şaiq Məmmədov əvvəlcə onun müəllifi olduğu "Yekun” analitik proqramınıın aparıcılığına yiyələnib, sonra isə İTV-dən çıxarılmasına müvəffəq olub.

***
14:33

İTV-dən 5 əməkdaşın istefasına AÇIQLAMA

"Onlar istefa ərizəsi yazmayıb. Sadəcə, ITV ilə bağladıqları müqavilələrin müddətləri bitib. Belə görünür ki, onlarla əmək müqaviləsi imzalanmayacaq”. Bunu Modern.az saytına İTV-dən verilən rəsmi açıqlamada bildiriblər.
Qeyd edək ki, bu gün "aznews.az” İTV-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, İctimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin İnformasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı, "Carçı-film” Yaradıcılıq Birliyində müavin Qərənfil Xəlilovanın istefa verdiyi barədə xəbər yayıb.
İTV-dən Modern.az-a verilən məlumata görə, sözügedən şəxslərlə bağlı hələ son qərar verilməyib: "Hələlik dəqiqləşdirmələr aparılır. Ancaq istefa söhbəti yoxdur. İstefa ərizəsi kadrlar şöbəsinə, yaxud rəhbərliyə hələ ki, daxil olmayıb. Ümumiyyətlə, vəzifələri imkan vermir ki, onlar istefa ərizəsi yazsın”.
.