
Badamdar qəsəbəsində yerləşən 12 bina hələ də istiliklə təmin olunmayıb, halbuki qaydaya görə hər il noyabrın 15-də istiliyin verilməsinə başlanılmalıdır.
Virtualaz.org saytına bu barədə qəsəbənin T. Məmmədov, S. Məmmədov və Q.Qarayev küçələrində yerləşən binaların sakinləri məlumat veriblər. Onlar soyuqlar düşən kimi daha çox elektrik enerjisi işlətmək məcburiyyətində olduqlarını dilə gətiriblər.
Tofiq Məmmədov 7 ünvanındakı binanın sakinləri bu problemin demək olar ki, hər il təkrarlanığını bildiriblər. Adının çəkilməsini istəməyən xanım evlərin istiliklə təmin olunmamasından ən çox uşaqların əziyyət çəkdiyini deyib: "Soyuqlar düşən kimi problemlərimiz ikiqat artır. Həm fiziki, həm də maddi cəhətdən əzab çəkirik. Çünki evimiz soyuq olduğundan kondisionerdən istifadə etmək məcbutiyyətində qalırıq. Bu isə bizə baha başa gəlir. Ayın axırında elektrik enerjisinə görə çox pul ödəməli oluruq”.
Məsələyə aydınlıq gətirmək üçün Badamdar qəsəbəsindəki 502 saylı qazanxananın sahə müdiri Ağamuradla (soyadını söyləməkdən imtina etdi) əlaqə saxladıq. Sahə müdiri bu məsələ ilə məşğul olduğunu dedi: "Bizim imkanlarımız məhduddur. Bizi buna qazın təzyiqinin normadan aşağı olması vadar edib. Tabeliyimizdə olan 12 binanın istiliklə təminatı təkcə bizdən asılı deyil. Çünki biz evlərə isti suyu yalnız qaz olandan sonra paylaya bilərik. Hazırda qazın təzyiqi çox aşağıdır. Bu məsələ məni də narahat edir. Mənə 136 saylı bağçadan da dəfələrlə zəng vurublar. Deyirlər "uşaqlar soyuqdan donur". Ancaq məsələ hələ öz həllini tapmayıb".
Qazanxana müdiri bu problemlə bağlı "Azəristiliktəchizat” ASC-nın Mərkəzi Dispetçer Xidmətinə müraciət etdiyini də bildirdi: "Hətta ərizə yazmışam. Hələ ki heç bir nəticəsi olmayıb. Bu məsələ bir saata da həll oluna bilər, bir neçə günə də”.
Məsələyə aydınlıq gətirmək üçün "Azəristiliktəchizat” ASC-nın Mərkəzi Dispetçer Xidməti ilə də əlaqə saxlamaq istədik. Lakin oradan davamlı zənglərimizə cavab verilmədi.
.