İraqın şimalında de-fakto Kürdüstan muxtariyyətinin özünü müstəqil dövlət elan etməsinə sayılı günlər qalır.
Virtualaz.org saytı xəbər verir ki, Kürdüstan parlamenti müstəqillik məsələsinin referenduma çıxarılması üçün bölgənin lideri Məsud Bərzaniyə təzyiqlər edir və yaxın günlərdə parlament referendum barədə qərar verə bilər.
Tarix boyu heç vaxt öz dövlətləri olmayan kürdlərin İraqın şimalında müstəqilliklərini elan etməsi üçün əlverişli şərtlər "İraq və Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının qəfil hücumlarından və böyük ərazini tutmasından sonra yaranıb.
İŞİD-in hücumları nəticəsində İraq hökumət qoşunları strateji əhəmiyyətli neft şəhəri Kərkük və Mosul da daxil olmaqla bir çox yaşayış məntəqələrindən geri çəkilərək Bağdad ətrafında mövqe tutublar.
İŞİD-in hücumlarından və İraq qoşunlarının pərən-pərən düşərək geri çəkilməsindən istifadə edən kürd peşmərgələri Kərkükə nəzarəti ələ alıblar və de-fakto Kürdüstan muxtariyyətinin nəzarətində olan əraziləri genişləndiriblər.
İraqda sünnü-şiə qarşıdurmasının getdikcə amansız xarakter alması bir çox analitiklərə görə ölkənin parçalanmasını labüd edir. Bu vəziyyətdən istifadə edən kürdlər müstəqil kürd dövlətinin elan edilməsi üçün olduqca münasib şərtlərin yarandığını nəzərə alaraq irəli çıxıblar. Və 2003-cü ildə İraqa hərbi müdaxilə zamanı kürdlərlə Səddam rejiminə qarşı müttəfiqlik edən ABŞ və Böyük Britaniya, kürdlərdən İrana qarşı istifadə edən İsrail, o cümlədən on illər boyu silahlı kürd separatizmindən əziyyət çəkmiş Türkiyə bölgədə müstəqil kürd dövlətinin yaradılmasına yaşıl işıq yandırıblar. Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Məsud Bərzani ilə görüşündə kürdlərin müstəqilliklərini elan etməsinin qaçılmaz olduğunu bildirib.
İsrail baş naziri Benyamin Netanyahu da bölgədə müstəqil kürd dövlətinin qurulmasını dəstəkləyib. Netanyahunun kürdləri müstəqilliklərini elan etməyə çağıran bəyanatı beynəlxalq mediada günlərdir şərh olunmaqdadır. ABŞ-ın məsələyə münasibəti rəsmən müəyyən olmasa da Vaşinqtonu da bölgədə İsraillə müttəfiq olan müstəqil kürd dövlətinin meydana çıxması indiki situasiyada tamamilə qane edir. Bir halda ki, İraqın parçalanması qaçılmaz görünür, o zaman nədən Vaşinqton çoxdankı müttəfiqlərini dəstəkləməsin?! Eləcə də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Hüseyn Çəlik "The Financial Times”ə açıqlamasında Ankaranın müstəqil kürd dövlətinin yaranmasına qarşı olmadığını açıqlayıb. Hərçənd ki, rəsmi Ankara kürdlərin müstəqilliyinə dəstək verməyə hazır olduğunu qətiyyətlə inkar edir.
Lakin rəsmi Ankara kürdlərin müstəqilliyini dəstəklədiyini gizlətməyə çalışsa da bölgədə müstəqil kürd dövlətinin meydana çıxması Türkiyə üçün enerji və iqtisadi maraqlar baxımından olduqca sərfəlidir. Belə ki, de-fakto Kürdüstan muxtariyyəti İraqın şimalındakı zəngin neft yataqlarından hasil olunan nefti Bağdadın başı üzərindən artıq dünya bazarlarına çıxarmağa başlayıb. Kürdlərin Bağdaddan müstəqil şəkildə neft ixrac etmək üçün ancaq bir yolu var-Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanı. Qərb mənbələrinin xəbərlərinə görə kürd neftinin Ceyhan limanından bazarlara çıxarılmasını azərbaycanlı milyarder, "Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov həyata keçirir. Alıcı qismində isə İsrail çıxış edir. Digər tərəfdən Türkiyə İraq kürdlərindən qeyri-leqal şəkildə ucuz qiymətə neft alır və bu sövdələşmənin əvəzində Kərkük bölgəsində türkmənlərə kürdlər tərəfindən divan tutulmasına göz yumur.
Analitiklərə görə Ankaranın regionda aparıcı enerji nəqli mərkəzinə çevrilməyə yönəlmiş uzunmüdətli strategiyası məhz bölgədə müstəqil kürd dövlətinin yaradılmasını da nəzərə alır. Belə ki, Türkiyənin Egey sahillərində Azərbaycanın investisiyası hesabına, SOCAR tərəfindən "Star” neftayırma zavodunun tikintisi gedir və layihənin qiyməti 6 milyard dollara yaxındır. Bu zavod işə düşəndən sonra Türkiyə neft məhsullarına olan tələbatını ödəyə biləcək və idxaldan azad olacaq. Zavodda isə Azərbaycan və Rusiya nefti ilə yanaşı gələcəkdə Kürdüstan neftinin də emalı mümkündür.
Həmçinin Türkiyə ilə Azərbaycanı birləşdirən Transanadolu Qaz Kəməri (TANAP) müstəqil kürd dövlətinin Türkiyə üzərindən Avropaya qaz ixracına imkan yaradacaq. Planlaşdırılır ki, TANAP-la nəql olunacaq 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyədə sərf olunacaq, qalanı isə Avropaya nəql ediləcək. Lakin Türkiyənin qaza olan tələbatı artır. Bu baxımdan Türkiyə gələcəkdə İraqın şimalında, kürd bölgəsində hasil olunan təbii qazın da TANAP vasitəsilə nəqlində maraqlıdır. Belə ki, İraq Kürdüstanı 2020-ci ildən etibarən ildə 10 milyard kubmetr qaz ixrac etmək imkanında olacaq. Lakin kürdlər Türkiyə üzərindən qaz ixrac etmək üçün Bağdaddan müstəqilliklərini elan etməlidir.
Əslində bölgədə müstəqil kürd dövlətinin meydana çıxması üçün şərtlərin formalaşması həm də Ərdoğanın uzun illərdir yürütdüyü siyasətin nəticəsidir. Ərdoğan hakimiyyətə gəlmək və onu əldə saxlayıb möhkəmləndirmək üçün kürdlərin dəstəyindən fəal istifadə edib, İraqın şimalındakı de-fakto kürd muxtariyyəti ilə iqtisadi əlaqələr qurub, son illər isə hətta ikitərəfli diplomatik-siyasi münasibətlər yaradıb. Ölkə daxilində isə kürd silahlıları ilə danışıqlar prosesini başladıb, proses PKK-nın İmralı həbsxanasındakı lideri Abdullah Öcalanı da əhatə edib. Bu proses kürdlərə Türkiyə daxilində geniş mədəni hüquqların verilməsini, kürd yerli özünüidarəetmə təsisatlarının gücləndirilməsini nəzərdə tutur.
İsrail baş naziri Benyamin Netanyahunun müstəqil kürd dövlətinin yaradılmasına açıq dəstək verməsi də şübhəsiz ki, yəhudi dövlətinin geosiyasi maraqları ilə bağlıdır. ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra İsrail kürdlərlə sıx münasibətlər yaratdı və de-fakto Kürdüstan muxtariyyətinə silah, kəşfiyyat və maliyyə dəstəyi verdi. Bunun əvəzində İsrail Kürdüstanda İran əleyhinə kəşfiyyat-diversiya əməliyyatları həyata keçirmək üçün bazalar yaratdı. Eyni zamanda kürdlərlə müttəfiqlik İsrailə Türkiyəyə təzyiq üçün də əlverişli idi. İndi İsrailin hesablamalarına görə bölgədə böyük neft-qaz resurslarına malik, İranla və Türkiyə ilə qonşu müstəqil kürd dövlətinin yaradılması yəhudi dövlətinin regiondakı geosiyasi mövqelərini gücləndirəcək. Gələcəkdə İsrail müstəqil kürd dövlətinin ərazisindən İrana hücum üçün də yararlana bilər.
Beləliklə, nə qədər paradoksal görünsə də bölgədə müstəqil kürd dövlətinin yaradılması hazırda bir-birinə salam verməyən Ərdoğan və Netanyahu üçün eyni ölçülərdə sərfəlidir. Lakin regionun xəritəsinin dəyişməsi uzunmüddətli sabitliyə təminat verəcəkmi?
Yaxın Şərq üzrə bir sıra analitiklər ehtiyat edir ki, İraqın parçalanması hesabına müstəqil kürd dövlətinin elan edilməsi uzunmüddətli planda Türkiyə, Suriya, İran və Azərbaycan kimi ölkələrdə ciddi risklər meydana çıxaracaq. Belə ki, müstəqil kürd dövlətinin meydana çıxması "Böyük Kürdüstan” layihəsinin tərəfdarlarını fəallaşdıracaq, nəticədə həmin ölkələrdə yaşayan etnik kürdlər arasında separatçılıq meylləri güclənəcək. Analitiklərə görə İsrail müstəqil kürd dövlətindən məhz İran kürdləri arasında separatçılığı qızışdırmaq və nəticədə bu ölkəni parçalamaq üçün yararlanmağa çalışacaq.
.
