İsrail hökumətinin terrorla mübarixə Qərargahı yəhudilərin dini bayramları ərəfəsində bu ölkə vətəndaşlarını bir sıra ölkələrə səfərlərdən çəkinməyə çağırıb.
Bu barədə İsrail KİV-ləri xəbər verir ki, xəbərdarlıqda Qəzza sektorunda aparılan hərbi əməliyyatlar və son vaxtlar artan antisemitizmlə bağlı İsrail vətəndaşları üçün xaricdə terror təhlükəsinin artdığı qeyd olunur. Bildirilir ki, bu tendensiya yaxınlaşan dini bayramlar dövründə də qüvvədə qalacaq.
Qərargahın bildirdiyinə görə İran, İraq, Livan, Suriya, Liviya, Səudiyyə Ərəbistanı, Yəmən, Sudan, Somali və Əfqanıstanda terror təhdidi "olduqca yüksəkdir” və İsrail vətəndaşları bu ölkələrə səfərlərdən qətiyyətlə imtina etməlidir. Terror təhdidi Tailandın cənubunda, Filippinin cənubundakı Mindanao adasında və Hindistanın şimalındakı Kəşmir bölgəsində də "çox yüksək” qiymətləndirilir. Rusiyanın Çeçenistan bölgəsi də bu kateqoriyalı ərazilərə daxil edilib.
İsrail hökumətinin antiterror qərargahı Əlcəzair, Cibuti, Mavritaniya, Şərqi Seneqal və Tunisdə terror təhlükəsini "yüksək”qiymətləndirir. Analoji təhlükə səviyyəsi İndoneziya, Burkino Faso, Kot de İvuar, Toqo, Mali, Malayziya və Pakistanda da mövcuddur.
Azərbaycan, Mərakeş, Oman, Nigeriya, Keniya və Türkiyə isə "daimi potensial təhlükə” mövcud olan ölkələr sırasındadır. İsrail mətbuatı yazır ki, bununla belə dini bayram günlərində israillilərin bir çoxu Azərbaycana səfər edirlər. Türkiyə də İsrail turistləri arasında populyar ölkə olaraq qalır.
Qərargah bildirir ki, siyahıya daxil edilən ölkələrdə İsrail vətəndaşlarına təhdid "İslam Dövləti” qruplaşmasından, "Həmas” və "Hizbullah”dan, habelə digər radikal islamçı qruplaşmalardan, o cümlədən İran xüsusi xidmət orqanlarından yarana bilər. Xəbərdarlıq xüsusən yüksək ranqlı dövlət məmurlarına və biznesmenlərə aiddir.
.