Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL hərəkatının sədri İlqar Məmmədov və İsmayıllı hadisələrində təqsirləndirilən digər şəxslərin noyabrın 18-də keçirilməli olan məhkəməsi təxirə salınıb. "Media forum” saytının məlumatına görə, buna İsmayıllı hadisələrində təqsirləndirilən digər şəxslərin vəkillərinin prosesdə iştirak etməməsi səbəb olub.
Proses noyabrın 29-na qalıb.
İşə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.
Bu il yanvarın 23-də İsmayıllı şəhərindəki "Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir edib. Bu insident böyüyərək "Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilib. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.
İsmayıllı olaylarına görə 18 nəfər həbsdədir. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
.
