İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən 10 nəfər - Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayət veriblər.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Qədim Babayevin icraatına verilib və məhkəmənin ilkin baxış iclası avqustun 21-nə təyin edilib.
Təqsirləndirilən şəxslər məhkəmənin hökmünün ədalətsiz olduğunu apelyasiya şikayətində qeyd ediblər və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vilayət Həsənli 14 il, Vasif Hacıyev 14 il, İlkin Babazadə 14 il, Mehman Balakişiyev 14 il, Malik Musayev 13,5 il, Azər Qəmbərov 13,5 il, Vüsal Bayramov 14 il, Samir Həşimov 14 il, Vüqar Dursunəliyev 15 il, Elvin Dursunəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Elvin Dursunəliyev tərbiyyə müəsisəsində, digər məhkumlar isə ciddi rejimli cəzaçəkmə müəsisəsində cəza çəkirlər.
Xatırladaq ki, əqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.
Bundan başqa, Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyev də radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradıb. O, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.
.
