Britaniyanın "Sky News” telekanalı "İslam Dövləti”nin (İŞİD) on minlərlə döyüşçüsü və onların qohumları haqqında məlumatları, o cümlədən ünvanları və telefon nömrələri özündə saxlayan minlərlə faylı əldə edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, fayllarda 22 min məlumat toplanıb.
Məlumata görə, ən azı 51 ölkənin vətəndaşlarından söhbət gedir. Siyahıda olanlardan bir hissəsi öldürülüb, bir hissəsinin isə adı müəyyən edilib.
Məlumatların çox qiymətli olduğu bildirilir. Qeyd olunur ki, onların sayəsində Böyük Britaniya, bütün Şimali Avropa, Yaxın Şərq və Şimali Afrikanın çox hissəsi, həmçinin ABŞ və Kanadadan olan cihadçıları müəyyən etmək olar.
Bu insanlardan bir çoxu "qaynar nöqtələr” - Yəmən, Sudan, Tunis, Liviya, Pakistan və Əfqanıstan kimi ölkələrdə olub. Fayllardan birində kamikadzelər barədə məlumatlar var.
Telekanal qeyd edir ki, siyahıda olan telefon nömrələrindən bəziləri əvvəlki kimi aktivdir.
Britaniya kanalı faylların olduğu yaddaş kartını İŞİD-in "daxili təhlükəsizlik xidməti”ndə işləyən Abu Hamed adlı şəxs vasitəsilə əldə edib. Onun sözlərinə görə, o, məxfi məlumatların müdafiəsi sahəsində işləyib və müəyyən vaxtdan sonra İŞİD-də gördüklərindən məyus olaraq ondan ayrılmaq qərarına gəlib.
Abu Hamed qeyd edib ki, İŞİD-in sıralarında Səddam Hüseynin BAAS partiyasının üzvü olan keçmiş hərbçilər üstünlük təşkil edir. Həmçinin o iddia edir ki, İŞİD, YPG (PYD-nin silahlı qanadı) və Suriya prezidenti Bəşər Əsədin gücləri mülayim müxalifətə qarşı birgə vuruşur.
.
