ABŞ prezidenti Barak Obama administrasiyası Müdafiə Nazirliyinə (Pentaqon) Əfqanıstanda İŞİD terror qruplaşmasının mövqelərini bombalamağa icazə verib.

yenizaman.az Publika.az-a istinadən bildirir ki, bu barədə Pentaqondakı mənbələrə istinadən "The Washington Post" nəşri yazıb.

Nəşrin mənbəyi bildirib ki, İŞİD-ə qarşı mübarizə aparılacaq ərazinin genişləndirilməsi haqqında məsələ keçən həftə ortaya çıxıb. Qeyd edilir ki, ABŞ Hərbi Hava Qüvvələri daha əvvəl yalnız üç halda Əfqanıstanda ekstremistlərə aviazərbələr endirə bilərdi: xarici güclərin müdafiəsi, əfqan hərbçilərinə yardım və "Əl-Qaidə" terror təşkilatı ilə mübarizə üçün.

Nəşrin məlumatına görə, hazırda Taliban qruplaşması və İŞİD Əfqanıstanda bir-birinə, həm də hökumət qoşunlarına qarşı dururlar. Dekabrın 6-da verilən məlumata görə, İŞİD-ə sədaqət andı içən təxminən 1,6 min döyüşçü Əfqanıstanın dörd şərq əyalətini tutub. Bildirilir ki, terrorçuların hədəfi Pakistanla sərhəddə "xilafət"in yaradılmasıdır. İŞİD-in müvəffəqiyyətli irəliləyişi Böyük Britaniya və Amerika qoşunlarının çıxarılması, həmçinin Talibanın daxilindəki parçalanma ilə izah edilir.
.