İslam Dövləti (İD, əvvəlki adı İŞİD) yaraqlı qrupu ötən il adam oğurluğundan 35-45 milyon dollar qazanıb. Bunu BMT-nin "əl-Qaidə"yə qarşı sanksiyaların monitorinqini aparan eksperti Yotsna Lalji deyir.
Ekspert noyabrın 24-də BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Komitəsinin iclasında danışıb. Onun sözlərinə görə, 2004-2012-ci illərdə terrorçu qruplara adam oğurluğuna görə 120 milyon dollar ödənib.
Yotsna Lalji deyib ki, son illər "əl-Qaidə" və törəmələri adam oğurlamağı "gəlir əldə etmək üçün "əl-Qaidə"nin əsas taktikasına” çevirib.
Ekspert 2012-ci ilin oktyabrında yayılmış səs yazısını misal çəkib. Həmin yazıda "əl-Qaidə" lideri Ayman əl-Zəvahiri dünyadakı yaraqlıları qərbliləri oğurlamağa çağırırdı.
.