"Ədalət, sülh, bərabərlik ideyalarını yayan insanlar üçün bu, mühüm tədbirdir”.

APA-nın məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri söyləyib. O deyib ki, dünyada artan mənfi tendensiyaların qarşısının alınması beynəlxalq ictimaiyyətdən daha sıx əməkdaşlıq tələb edir: "Bütün bunlar mənəvi məsuliyyəti öz üzərimizə götürməyi zərurətə çevirir. Bu gün dünya beynəlxalq tarazlığı sıradan çıxaracaq təhlükələrə meyllidir. Sülh və təhlükəsizliyə təhdidlərə gəlincə, qloballaşma baxımından ciddi işlər görülməlidir. Dağlıq Qarabağ və digər münaqişələr olan yerdə BMT daha çox iş görməlidir. BMT Təhlükəsizlik Şurasında olan böyük dövlətlər lazımi addımlar atmalıdır. Beynəlxalq hüquqa əsaslanan yeni dünya düzəni qurulmalıdır. Buna görə böyük dövlətlər təcili qərarlar qəbul etməlidirlər. Əks təqdirdə, dünya cəngəlliyə çevrilər, hüquqa hörmət qalmaz”.
Osman əl-Tüveycrinin sözlərinə görə, İSESCO Azərbaycan torpaqlarının işğaldan azad edilməsini dəstəkləyəcək.
"2030-cu ilədək davamlı inkişaf gündəliyi yetərli sayıla bilməz. Zorakı ekstremizmin qarşısını almaq üçün təhsil sahəsində işləmək vəzifə borcumuzdur”.
Bunu isə   UNESCO baş direktorunun müavini Qetaçyu Enqida deyib. O qeyd edib ki, UNESCO-nun silahlı münaqişələr zamanı mədəniyyətin qorunması strategiyası məqsədəuyğundur: "Bununla bağlı strategiyamızda bildirilib ki mədəniyyətin qorunması sülh yaratma proseslərinə daxil edilməlidir. Dini, mədəni, sosial dözümsüzlüyə qarşı çıxaraq bu məqsədə nail olmağa çalışırıq. Qaçqın və məcburi köçkünlərin davamlı inkişafa təhdid yox, dəstək kimi qəbul olunmasına çalışırıq. Bu, Mədəniyyətlərarası Forumun ruhuna uyğundur. Bu gələn il keçiriləcək Mədəniyyətlərarası Forum üçün geniş imkanlar açacaq”.
Q. Enqida deyib ki, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlıq vacibdir: "Bu, sülh naminə uzunmüddətli proqramın həyata keçirilməsinə, insan hüquqlarının qorunmasına dəstəyi artırır. Davamlı inkişafsız sülh, sülhsüz davamlı inkişaf yoxdur”.

.