İraq Silahlı Qüvvələri Ramada şəhərini İŞİD-dən alıb və hökumət binasının üstündə İraq bayrağı sancıb.
Bu barədə bu gün "Reuters” agentliyi məlumat yayıb.
Agentlik İraq ordusunun komandiri, briqada generalı Yəhya Rəsulun televiziya ilə çıxışına istinadən xəbər verir ki, Ramada artıq azad edilib.
"Bəli, Ramada şəhəri artıq azad olunub. İraqın terrorla mübarizə aparan silahlı qüvvələri Anbar vilayətindəki hökumət binasının üstündən İraq Respublikasının bayrağını asıblar” - deyə general Y.Rəsul bildirib.
İraqın baş naziri Haydər əl-Abadi dekabrın 25-də bəyan etmişdi ki, Ramada şəhərinin azad edilməsi əməliyyatı başa çatandan sonra İraq qoşunları ölkənin ikinci böyük şəhəri olan Mosula doğru irəliləyəcək.
"Reuters” xatırladır ki, əgər İŞİD Mosulu da əldən çıxarsa, onda onun İraqdakı bütün hakimiyyəti itəcək, üstəlik, terror qrupunun həm maddi imkanlarına, həm də nüfuzuna sarsıdıcı zərbə dəyəcək.
