
İrana gedən Azərbaycan vətəndaşlarının əksəriyyəti günün ikinci yarısında geri qayıtmağa çalışır. Buna görə də axşamüstü Astara gömrüyünün önündə adamlar çox olur.
Geri qayıdanlar özləri ilə az da olsa ərzaq və digər mallar gətirməyə çalışırlar. Gömrüyün giriş qapısında "hambal” deyə çağırılan insanlar növbəyə durur. Adamları mənzilbaşına çatdırmaq üçün gözləyən taksi sürücüləri də fəallıqlarına görə "hamballar”dan heç də geri qalmırlar. Müştəri üstündə sürücülər arasında qarşıdurma da yaşanır.
Bir taksi sürücüsü deyir ki, onların müştəriləri əsasən İran vətəndaşlarıdır. İran vətəndaşları isə Azərbaycan tərəfə az keçirlər.
Deyilənə görə, taksi sürmək əvvəlki illərə nisbətən çətin olub. Bir o qədər də qazanc gətirmir.
İrandan piyada qayıdanlar isə gömrükdən şikayət edirlər. Onlar deyir ki, Astara gömrüyündə incidilirlər. İrandan alıb gətirdikləri nə varsa, tutub əllərindən alırlar və heç bir sənəd də vermirlər.
Astara rayonun Ərçivan kənd sakini Etibar Fərzullayev də belə şikayətçilərdən biridir: "İki dənə toyuq, bir kiloqram kişmiş, iki dənə balaca günəbaxan yağı, yarım kilo yağ və döymə ət almışdım. Aldıqlarımı tökdülər yerə. Onları başa saldım ki, mənim malıma əl vurmayın, mən üç aydır getməmişəm. Dedim protokol yazın. Yazmadılar...”
Etibar Fərzullayev deyir ki, Astara Rayin İcra Hakimiyyəti aparatında və rayon prokurorluğunda olub. Ona deyiblər ki, gömrük onların səlahiyyətinə aid deyil. Məcbur olub müxtəlif qurumlara teleqramlar vurub: "Plakat çəkmişəm evdə. Toyuqlar bir tərəfdə, yumurta bir tərəfdə, kişmiş bir tərəfdə. Plakatı asaram, çıxaram meydana. Hamısından aldı tökdü ora. Toyuqdur, kişmişdir, günəbaxan yağıdır. Nə üçün axı?! Monopolist əyləşib Bakıda, deyir monopolistəm. O kimdir axı?”
Etibar Fərzullayevin sözlərinə görə, İrandan aldığı mallar Azərbaycanda bahadır. Bu baxımdan da sərhədyanı ərazilərdə yaşayanlar bazarlığa İrana gedirlər: "Mən İran gömrüyündən çıxmışam, gəlmişəm Azərbaycan gömrüyünə. Astara gömrüyü bunu tutmamalıdır, buraxmalıdır. Gömrükdən gəlmişəm gərək buraxsın. Niyə görə qadağandır? Xəstəlik var, nə var? Yoxdur axı. Biz gedirik-gəlirik də. Hansı fırıldaq edirlər - bilmirəm. Nə üçün burda dinc yaşamayaq? Bir dənə günəbaxan yağı İranda bir manatdır. Burada iki manatdır. Gücüm çatmır alam onu. 24 ildir işləyə bilmirəm”.
Astara şəhər sakini Zabir Ağayev də gömrükdə ailəsinin başına gələnlərdən danışır. O deyir ki, istilik sisteminin cihazları Azərbaycanda bahadır. İranda isə 50 manatdır. Astara gömrüyü onun istifadə üçün gətirdiyi bir ədəd cihazı saxlayıb: "Mənim həyat yoldaşım uşaqla gələrkən istilik sistemi üçün cihaz gətirəndə gömrükdə əlindən alıblar. Əlavə söyülüb təhqir olunmuşdular. Gömrükdə olan neqativ hallar barədə dəfələrlə məlumatlar vermişəm. Demişdilər İrandan gətirilən qızdırıcını burda quraşdırmaq qadağandır və standartlara uyğun gəlmir. Mən özüm qaz sistemində çalışıram, çox yaxşı bilirəm ki, hansı istilik sistemini harada quraşdırmaq olar. Amma İrandan gələn sertifikatı olmayan sobalar rayon mağazalarında satılır. Qızdırıcıya isə icazə vermədilər”.
Gömrüyün önündə rast gəldiyimiz bir çox sakinlər də özbaşınalıqdan dəhşətə gəldiklərini deyirdilər: "Azərbaycanda xurma ilə kişmiş istehsal olunur? Yox. Gedirik İrana kişmiş alırıq. Yas düşüb, cümə axşamları var, üç qutu xurma almışıq, üç kiloqram kişmiş, saxlayıb atıblar anbara. Nə pulunu verirlər, nə də sənəd. Deyirlər ki, olmaz . Bir dənə toyuq almışam, deyir olmaz, əlimizdən alandan sonra malı verirlər dükana, pulunu alırlar. Hamısından alırlar”.
Digər bir sakin də deyir ki, bundansa İranın qapısını bağlasalar yaxşıdır: "Gömrükdən heç bir şey buraxmırlar. Plasmas qablar buraxırlar, camaatı zəhərləndirmək üçün. Bizdə indi qışdır, soyuqdur, qaz sobası lazımdır, amma buraxmırlar. Dükanlarda isə 200-300 manata satırlar. Bizim camaatı incidirlər. Camaat kasıblığa görə İrana gedir. İran elə bir ölkədirmi ki, oraya gəzməyə gedəsən? Bir tikə çörək dalınca gedirlər...”
Astara Gömrük İdarəsindən isə bu deyilənlərə münasibət bildirmək istəmədilər. Məsləhət gördülər ki, gömrük komitəsinə müraciət edək.
Dövlət Gömrük Komitəsinin qaynar xəttindən isə "Azadlıq”a bildirdilər ki, hər bir vətəndaş bir kiloqramdan artıq yük gətirə bilməz. Ancaq bununla bağlı əlavə bilgi vermədilər. Qaynar xətdən deyildiyinə görə, əgər yük artıqdırsa, gəldiyi ölkəyə qaytara bilərlər.
Hüquqşünas Elman Hüseynov isə bildirir ki, bu deyilənlər qanunvericiliyə ziddir: "Əvvəllər Azərbaycan hökumətinin 105 saylı qərarı var idi. Hər bir vətəndaş İrandan gələndə ailəsi və məişət məsələləri üçün 1000 (min) dollar həcmində mal alıb gətirə bilərdi. Ancaq bu, alver məqsədi daşımamalı idi. 2013-cü il, oktyabrın 12-də 305 saylı qərar çıxdı. Hər bir vətəndaş hər şeydən iki dənə ala bilər, 1500 (min beş yüz) dollar dəyərində. Onunla azyaşlı uşaq gedirsə, 500 (beş yüz) manat da onun hesabına ola bilər. O qərarda belə bir şey var ki, bizim vətəndaş o tərəfə gedəndə 10 kiloqramdan artıq ərzaq ala bilməz. Bunlar isə hər gələni tuturlar, yoxlayırlar”.
İqtisadçı Vidadi Mirzəyev isə deyir ki, Astara gömrüyündə mövcud olan bu qaydalar azərbaycanlıların xeyrinə deyil. İqtisadçının sözlərinə görə, gömrük sistemini monopoliya və ya qadağanlarla qaydaya salmaq olmaz. Bu məsələlər elmi yanaşma istəyir: "Sadə vətəndaşların İrandan gətirmək istədiyi məhsullar Azərbaycan ərazisində qanunla qadağan edilməyib. Məsələn banan da, xurma da, digər məhsullar da Azərbaycan ərazisində satılır. Sadəcə həmin məhsullar monopoliyanın nəzarətində olduğu üçü, hətta kiçik həcmdə belə qonşu ölkədən gətirilməsinə icazə verilmir”.
V.Mirzəyevin sözlərinə görə, monopoliya Azərbaycanın iqtisadiyyatına dağıdıcı təsir edir. Kasıbların sayını artırır.
İqtisadçı deyir ki, rus rublu ilə yanaşı İran rialı da ucuzlaşır. Hazırda İran Astarasında 1 ABŞ dolları 4350 tümənə satılır. Tümən manata münasibətdə də ucuzlaşır.
.