Rusiya, İran və Türkiyə 2022-ci ilin fevral-mart aylarında Suriya məsələsi ilə bağlı Tehranda sammit keçirmək barədə razılıq əldə edib.

Bu barədə İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə müşaviri Əli Asqar Haci Nur-Sultanda Astana formatında keçirilən danışıqlar zamanı açıqlama verib.
XİN rəsmisi görüş barədə razılığın əldə olunduğunu və pandemiya şəraitini nəzərə alaraq görüşün fevral-mart aylarında Tehranda baş tuta biləcəyini açıqlayıb.

İran, Türkiyə və Rusiya liderlərinin görüşündən öncə, hər üç ölkə XİN başçısı səviyyəsində toplantı keçirəcək.

“Astana formatında növbəti görüş Rusiya, İran və Türkiyə liderlərinin sammitindən bir neçə həftə sonra baş tuta bilər”, - deyə Haci deyib.

.