İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, İran Ticarət Palatasının beynəlxalq əlaqələr üzrə müavini Məhəmməd Rza Kərbasi, palatanın bəzi qurumlarının və komissiyalarının rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.

Bu barədə “Report”a İranın Azərbaycandakı səfirliyindən bildirib.

Səfir videokonfransda son illərdə İranla Azərbaycanın ticarət dövriyyəsinin 5 dəfə artdığını vurğulayıb. C.Cahangirzadə deyib ki, pandemiya dövründə də iki ölkə arasında ticarət mübadiləsi aparılıb.

O, iki ölkənin özəl sektorları arasında ticarət əlaqələrinin yaxşılaşdırılması və genişləndirilməsi barədə özəl sektor nümayəndələrinin təkliflərini müsbət qarşılayıb və bu təkliflərin həyata keçməsi səfirliyin gündəliyində olacağını bildirib.

Görüşdə İran yük avtomobillərinin iki ölkənin gömrük məntəqələrində qarşılaşdığı bəzi problemlərin həlli üçün səfirliyin yaxından məşğul olacağı qeyd edilib. 

C.Cahangirzadə iki ölkə arasında icra olunan müştərək layihələrin son vəziyyətini şərh edib, müştərək sənaye şəhərciyinin tikilməsi üçün səfirliyin gündəliyində olan layihələrə və Azərbaycanla preferensial ticarət müqaviləsinin hazırlanması üçün texniki müzakirələrin başlandığını qeyd edib.

Səfir bildirib ki, bu layihələrin icrası ilə iki ölkə arasında ticarətin daha da artmasının şahidi olacağıq.

.